“Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. İki qardaş xalq dar və çətin günlərdə həmişə bir-birinə köməyə tələsib. Ortaq tariximizin insana qürur gətirən belə məqamları çox olub və bu tarixi gözdən keçirdikcə, Azərbaycan-Türkiyə qardaşlığının zamanın çətin sınaqlarında bərkidiyinə əmin olursan. Bu ilin may ayında Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsindən, bu günlərdə Türkiyənin, Azərbaycanın və Pakistanın imzaladıqları Bakı Bəyannaməsindən narahat olan və illərdən bəri işğalçı Ermənistanı dəstəkləyən dairələrin qardaş ölkədə törədilən yanğınlarda əlinin olması şəksizdir. Sosial şəbəkələrdə yayılan açıqlamalara görə, törədilən yanğınların məsuliyyətini üzərinə götürən “Atəşin uşaqları” adlı təşkilat olsa da, bu “uşaqları” təlimatlandıran “valideynlər” də vardır. O “valideynlər” ki, ermənilər tərəfindən vəhşicəsinə öldürülən 613 nəfərin qətliamına, Xocalı soyqırımına, ermənilərin 30 ildə işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri hərbi cinayətlərə, ekoloji terrorlara, barbarlığa göz yumdular. Türkiyə həmişə olduğu kimi qardaşını haqlı davasında da yalnız qoymayaraq, bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Hələ Türkiyənin Ermənistanla sərhədlərini bağlanması o, vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən qardaş ölkə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq bəyan etdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfərlər edərək, yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək olduqlarını bəyan etdilər. Bu, ölkəmizə çox böyük siyasi və mənəvi dəstək oldu. Əminliklə deyə bilərik ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağı şübhəsizdir!
Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim