Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqusun 17-də Şuşanı ziyarət edən diaspor nümayəndələri arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, şəhid Ramiz Cəfərovun qızı, hazırda Polşada təhsil alan Nigar Cəfərova da olub.
Tehsil.biz-in xəbərinə görə, Ramiz Cəfərov özü də xaricdə, 1974-cü ildə Ukraynanın Donetsk vilayətinin Makeevka şəhərində dünyaya göz açmışdı. Orta məktəbi isə Sumqayıtda bitirərək, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb.
40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Ramiz Cəfərov noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.
Ramiz Cəfərovun Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb. Atasının azadlığı uğrunda şəhid olduğu torpaqları ziyarət etmək Nigarın ən böyük arzusu olub.
Məhz Diasporla İş üzrə Dövlət Komitəsi şəhid övladının bu arzusunu gerçəkləşdirdi. O, Şuşada - Cıdır düzündə Azərbaycan bayrağına sarılaraq, əlində atasının portreti ilə şəhid Ramiz Cəfərovun və bütün şəhidlərimizin xatirəsini anıb.
Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların erməni millətçiləri tərəfindən Qarabağda törədilən vəhşilikləri gözləri ilə görməsi və yaşadıqları ölkələrin cəmiyyətinə çatdırması məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi Bakıda olan diaspor nümayəndələrinin ikinci qrupunun işğaldan azad olunmuş Şuşa şəhərinə səfərini təşkil edib.