Taliban rejiminin Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən yaxın müddət keçsə də, mövcud rejimin siyasi sabitliyk yaradacağı ilə bağlı səsləndirdiyi bəyanatlara baxmayaraq hələ də siyasi gərginlik davam etməkdə, hətta dərinləşməkdədir.
Sosial şəbəkələr üzərindən və fərdi əlaqələr vasitəsilə əldə olunan məlumatlardan bəlli olur ki, rejim qüvvələri əhaliyə qarşı aqressiv davranışlarını davam etdirməkdədir. Xüsusilə də Taliban rejiminin Əfqanıstanın türkəsilli vətəndaşlarına qarşı münasibəti ürəkaçan deyildir. Əfqanıstanın türkəsilli, azərbaycan kökənli vətəndaşlarının məlumatlarından bu qənaətə gəlmək olar ki, hal-hazırda rejim qüvvələri türk mənşəli əhaliyə basqılarını davam etdirməkdədirlər.
Taliban təhlükəsi ilə qarşı-qarşıya qalan ən həssas təbəqə isə ziyalı və keçmiş məmur təbəqəsidir. Ziyalı təbəqəsinə və savadlı kəsimə müsbət münasibət sərgiləməyən Taliban rejimi bu təbəqənin nümayəndələrini hər vəclə basqı altında saxlayır və təzyiqlərə məruz qoyur. Əfqanıstanın müxtəlif əyalətlərində yaşayan azərbaycan kökənli vətəndaşların məlumatlarından aydın olur ki, əksər soydaşlarımız xüsusilə də azərbaycan kökənli ziyalılar, məmurlar, onların ailələri təhdid altında və təhlükə vəziyyətindədirlər. Taliban mənsublu qüvvələr bu təbəqə əhalini daha çox təhdid edir, həbs edərək müəyyən təzyiq vasitəsilə ifadələri alınır və təhqirlərə məruz qalırlar.
Əfqanıstanda yaşayan soydaşlarımız, xüsusilə də ziyalı təbəqəsinin nümayəndələri ümidgahlarının Azərbaycan dövləti və azərbaycanlılar olduğunu qeyd edirlər. Soydaşlarımız Əfqanıstanda vəziyyət sabitləşənə qədər ziyalıları, məmurları və təzyiqlərə məruz qalan fəal nümayəndələrin Azərbaycana gələrək burada yerləşdirilməsini xahiş edirlər.
Əfqanıstanda yaşayan soydaşlarımızın bu ağır günündə istər mənəvi baxımdan, istərsə də təhlükəsizliklərinin təmin olunması baxımından bütün vasitələrdən istifadə edərək həm Azərbaycan dövləti, həm də hər bir Azərbaycan vətəndaşı bacardığı köməyi göstərməlidir. Bu bir mənəvi borcdur.
Mübariz Ağalarlı
Tarix üzrə fəlsəfə doktoru,
dosent