Logo

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin müraciəti

20.08.2021 23:02 770 baxış
IMG

Dəyərli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hər birinizi yeni tədris ilinin başlaması astanasında xoş gördük.

Məlumunuzdur ki, 3 mart 2020-ci il tarixindən ölkədəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə fəaliyyəti dayandırıldı və 10 mart tarixində açılacağı gözlənilsə də bu günədək geri dönüşümüz mümkün olmamışdır. 
Dünyanı cənginə alaraq sərhəd tanımadan, qoca, cavan, uşaq, qadın, kişi bilmədən hər kəsin həyatına qorxu, vahimə gətirən koronavirus infeksiyası bütün arzularımızı və güzəranımızı alt-üst etdi. 
Tədris onlayn formata keçirildi, təlim-tərbiyə işi məsafədən icra edildi, kütləvi tədbirlər qadağan edildi, ciddi məhdudiyyətlər başladı, ölkədə xüsusi karantin rejmi tətbiq olundu və bu gün də davam etməkdədir.

Artır 1 il 5 aydır ki, bəşəriyyət bu bəlanın əsirinə çevrilib. Dünyada 211 milyondan çox insan bu virusa yoluxub, 4,5 milyon insan isə bu virusdan ölüb. Azərbaycanda isə 385 min nəfərdən çox vətəndaşımız koronavirusa yoluxub, 5273 nəfər isə virusun qurbanı olub. 
Göründüyü kimi rəqəmlər həddən çox dəhşət saçır. Hələ nəzərə alsaq ki, dövlətimiz hər gün koronavirus yoluxmasına qarşı ciddi qabaqlayıcı tədbirlər görür, əgər bu olmasa yoluxma sayı daha rekord həddə yüksələr. 

Koronavirusun hazırda heç bir yerdə konkret olaraq tam müalicəsi yoxdur. Bu bəlanın qarşısını almaq üçün dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri tərəfindən icad olunmuş vaksinlərdən istifadə olunur. 
Təəssüf hissi ilə qeyd etmək istərdim ki, istehsal olunmuş vaksinləri dünyanın bütün dövlətləri də ala bilmir və nəticədə öz vətəndaşlarını bu bəlanın girdabından qurtara bilmirlər. 

Bununla bağlı 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə də qəbul edilmişdir.

Tam məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan dövləti və höküməti öz vətəndaşlarının sağlamlığını və əmək qabiliyyətinin yaxşı olmasını düşünərək ölkəyə bir neçə adda koronavirus əleyhinə vaksin gətirərək ölkə əhalisinin kütləvi peyvənd olunması prosesinə başlamışdır. İlk dövrdə risk qrupu sayılan 65 yaş və ondan yuxarı yaşlı vətəndaşlarımızın peyvənd olunmasına, sonrakı mərhələlərdə isə aşağı yaş qruplarına adi vətəndaşların peyvənd edilməsi prosesi həyata keçirilməyə başlamışdır. 

Hazırkı rəsmi məlumatlara görə 1-ci mərhələ üzrə vaksinasiya olunanların sayı 3617203, 2-ci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2428268 nəfər olmaqla vurulan vaksinlərin ümumi sayı 6045471 ədəddir. Bu isə ümumi ölkə vətəndaşlarının sayının çox az bir qisminin əhatə etmişdir.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi məsuliyyətsiz vətəndaşlarımız dövlətin həyatı əhəmiyyətli bu işinə qarşı könülbulandırıcı informasiyalar yayaraq insanların vaksinasiya prosesinə əngəl törədirlər. 

Lakin biz hüquqi və demokratik dövlətdə yaşadığımızın fərqində olaraq hər birimiz öz sağlamlığımızı, eyni zamanda da ətrafımızdakı insanların sağlığını düşünərək vaksinasiya prosesinə ciddi yanaşmalı, buna qarşı gedən insanlara isə ictimai qınaq əzələsi nümayiş etdirməliyik.
Vaksinasiyanın bizim həyatımız üçün önəmli olduğunu dərk etməliyik. Statistik məlumatlara görə virus əleyhinə vaksin edilmiş insanların təkrar virusa yoluxma ehtimalı 1-2% ehtimalı aralığındadır.
Koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır. Vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin 97%-i vaksin olunmayanlardır.

Əziz həmkarlar və dəyərli tələbələrimiz, 

Sizlərin hər birinin sağlamlığı dövlətimiz, ailələriniz, özünüz üçün necə əhəmiyyətli və önəmlidirsə bizim üçün də eyni dərəcədə önəmlidir. Gəlin hər birimiz bu bəladan əl-ələ verərək qurtulaq. Sentyabr ayında dərslərə ənənəvi qaydada başlamaq üçün hər birimiz vaksin olunaq. Belə ki, işçi öz həmkarına, yaxınına, tələbə öz yoldaşına, ailəsinə bu durumun ciddiliyini anlatsın və kütləvi şəkildə maarifləndirmə işi həyata keçirərək vaksinasiya olunmağa nail olunsun.

Əgər biz ötən 1 il 5 ay ərzində yaşadığımız ağır durumdan uzaq olmaq istəyiriksə, əgər normal şəkildə universitetlərin, orta məktəblərin, bağçaların, iş yerlərinin açılmasını istəyiriksə fərd olaraq, ailə olaraq, cəmiyyətin aparıcı qüvvələri olaraq vaksinasiya prosesinə ciddi yanaşmalı, peyvənd olunmalı və özümüzü qorumalıyıq.
Əks təqdirdə dərslər başladıqdan sonra "COVID" pasportu olmayan müəllim və tələbələrimizin tədris prosesinə cəlb olunmamasına məhdudiyyətlər tətbiq edilə bilər.

İnanıram ki, 44 günlük Vətən müharibəsində milli birliyimizlə qalib gələrək Zəfər qazanmış Azərbaycan vətəndaşları olaraq bu ümumbəşəri bəlaya qarşı da milli birliyimiz, həmrəyliyimiz, ictimai qınağımızla qalib gələrərk, normal həyat tərzimizə qayıdaraq bir-birimizin dəyərini, qədrini daha dərindən bilərək yaşayacağıq...

Tanrıdan hər birinizə can sağlığı arzu edirəm!

Hörmətlə, direktor Yusif Alıyev.

Xəbər lenti