Logo

MİLLİ KİMLİYİMİZİN SİMVOLU - ŞUŞA, SƏN AZADSAN!

08.11.2020 16:32 538 baxış
IMG

Cəmi bir həftə əvvəl Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun tarixi ərazilərimizi işğaldan azadetmə əməliyyatları ilə bağlı qələmə aldığım yazımı - “Böyük qələbənin mübarək addımlarının səsi eşidilməkdədir” - cümləsi ilə bitirmişdim. Nəhayət o mübarək günlərdən biri gəldi! Müzəffər Ali Baş Komandanımız Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırdı.

Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşa Qalasının işğaldan azad olunması xəbəri o qədər möhtəşəm, o qədər şanlı, o qədər qürurlu bir xəbərdir ki, dünya dillərinin bütün söz və ifadələri, bədii təsvir vasitələri, metaforalar, təşbehlər bu hissi, bu duyğunu ifadə etməyə acizdir. Bu xəbərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı izaholunmaz ovqat o qədər böyük, o qədər möcüzəvi və eyni zamanda qutsaldır ki, bütün bunları yazıya almaq, vərəqlərə köçürmək ya mümkün deyil, ya da olduqca çətindir.

Sentyabr ayının 27-dən mənfur düşmənlərimizin təxribatlarına cavab olaraq başlatdığımız uğrlu əks-hücum əməliyyatlarının tezliklə ildırım sürətli müharibəyə çevrilməsi, 30 illik işğala qısa müddətdə son qoyulması, nəhayət tariximizin ən şərəfli, ən böyük, ən qürurlu gününü yaşamağımızla - Qarabağımızın ürəyi, baş tacımız Şuşa Qalasının işğaldan azad edilməsi ilə milyon illik tariximizə ən parlaq, ən şanlı səhifələr yazıldı.  Dəfələrlə - nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik - deyən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə müzəffər ordumuz tarixi ədaləti bərpa etdi, Birləşmiş Millətlər Təşkilatının uzun illərdir ki, kağız üzərində qalan qətnamələri  döyüş xəttində, səngərdə zabit və əsgərərimizin misilsiz qəhrəmanlıqları ilə həyata keçirildi. Ölkə Prezidentinin istər diplomatik cəbhədə, istərsə də döyüş xəttində qazandığı möhtəşəm nailiyyətlərdən aqoniya vəziyyətinə düşən mənfur qonşularımız və havadarları müzəffər Azərbaycan Ordusunun Şuşanın fəthi xəbərindən sonra yəqin ki, heç bir zaman özlərinə gələ bilməyəcəklər və ölkə rəhbərimizin dediyi kimi - bir daha biz tərəfə baxmağa belə cəsarət etməyəcəklər. Heç şübhəsiz ki, bu xəbərin yaratdığı ruh düşkünlüyü terrorçu Ermənistanda ən qısa müddətdə daxili iğtişaşları da dərinləşdirəcək, Azərbaycanda günü-gündən möhkəmlənən xalq-iqtidar birliyinin, sarsılmaz sabitliyin fonunda mənfur qonşularımız sonu görünməyən vətəndaş müharibəsinə sürüklənəcəklər.

Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz Şuşasız bizim işimiz yarımçıq qalar - söyləmişdi və verdiyi bütün vədlər kimi bu vədini də ən qısa müddətdə yerinə yetirdi Ali Baş Komandanımız! Allaha şükürlər olsun ki, işimiz yarımçıq qalmadı, şəhidlərimizin qanı ilə boyanan müqəddəs bayrağımız Şuşa Qalasına sancıldı. Dünyanın ən xoşbəxt əsgəridir Şuşa Qalasına bayraq sancan əsgər! Dünyanın ən böyük sərkərdəsidir Şuşanı fəth edən Ali Baş Komandan! Dünyanın ən böyük xalqıdır Şuşaya sahib olan xalq! Möhtəşəmsən, əsgərim! Yenilməzsən, Ali Baş Komandanım! Əyilməzsən, məğrur xalqım!

Şuşa torpağında qədəmlərin mübarək olsun, şanlı ordum. Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!

Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa Qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra.

Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” Uverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha zəmətli səslənəcək bundan sonra.

Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil...

Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov...

Ruhun şad olsun, “Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir” - söyləyən, hər zaman Şuşa ilə nəfəs alan, Şuşada Vaqifə, Xan qızı Natəvana abidələr ucaldan Ulu Öndərimiz Heydər Əliyev. Şuşanın ən uca zirvəsində sənin heykəlin ucaldılacaq - xalqımızın qəlbində çoxdan ucalmış heykəlin!

Gözün aydın olsun, “Şuşasız bizim işimiz yarımçıq qalar” - deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım! 2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin - Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz! Qədirbilən xalqımız bilirdi ki, Sizin kimi Prezidentlə, Sizin kimi Ali Baş Komandanla o gün uzaqda deyil. Dorğudan da uzaqda deyilmiş o möhtəşəm gün!

Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağın dalğalanır! Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Allah səni hifz etdi. Dünya durduqca var ol, məmləkətim!

Bu gün doğma Azərbaycanımızın hər bir guşəsində olduğu kimi doğma Universitetimizin divarlarından asılan üçrəngli bayraqlarımız daha əzəmətlə, qürurla dalğalanır. Hamı Şuşamızın işğaldan azad olunmasının sevinci, həyəcanı içindədir. Hər kəs bu möhtəşəm günü bir möcuzə kimi yaşayır, hamı bu möcüzəni bizə yaşatdığı üçün cənab Prezidentimizə, Ali Baş Komandanımıza, müzəffər ordumuza sonsuz ehtiramını bildirir. Hər kəs tezliklə müqəddəs şəhərimizə - Şuşamıza gedəcəyi günü səbirsizliklə gözləyir...

 

Elçin Babayev,

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti