Logo

Bakı Dövlət Universiteti və “PAŞA Həyat Sığorta” arasında əməkdaşlıq sazişi imzalanıb

23.08.2021 18:01 698 baxış
IMG

Bu gün Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Həyat Sığorta” ASC  arasında gənclərin peşəkar inkişafı istiqamətində tədbirlərin təşkilinə dair əməkdaşlıq sazişi imzalanıb.

Saziş tərəflərin fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində birgə əməkdaşlıq məsələlərini əhatə edir. Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, BDU tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi  məqsədini daşıyır. Eyni zamanda, BDU-nun tələbə kontingenti üçün “PAŞA Həyat Sığorta” tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və “PAŞA Həyat Sığorta” əməkdaşlarının BDU-da qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.

Sazişdə “PAŞA Həyat Sığorta” tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində BDU tələbələrinin “PAŞA Həyat Sığorta”nın təşkilatçılığı ilə şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur.

Əməkdaşlıq sazişini Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri  Niyaz İsmayılov imzalayıblar. Saziş müddətsiz olaraq bağlanılıb.

Qeyd edək ki, ölkəmizdə lider sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 2020-cu il 31 dekabr tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

Xəbər lenti