Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qəbul imtahanlarında 500 və 600 baldan yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə AzTU-nun prorektorları da iştirak edib. Rektor bildirib ki, regionun yeganə texniki universiteti olan AzTU tələbələrə təhsil və elmi-tədqiqatlarla bağlı geniş imkanlar açır. AzTU-nun son dövrlərdə Türkiyə və Ukrayna ali təhsil müəssisələri ilə imzaladığı ikili diplom haqqında müqavilələrə diqqət çəkən rektor, burda ingilis dilinin də OSTİM Texniki Universitetinin proqramı əsasında tədris olunduğunu bildirib. Rektor AzTU-da tədris olunan ixtisaslar barədə də abituriyentlərə ətraflı məlumat verib.
Daha sonra AzTU-nun prorektoru, süni intellekt üzrə dünya şöhrətli alim Çətin Elmas çıxış edib. Bildirib ki, Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində AzTU-da görülən işlər yaxın zamanlarda nəticəsini göstərəcək.
AzTU-nun tələbə-rektoru Əli Abdullazadə universitetdə tələbələrlə işin təşkili barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Hədəf Şirkətlər qrupunun qurucusu, baş direktor, f.ü.f.d., dos. Şəmil Sadiq yüksək bal toplayan abituriyentlərin Hədəf kurslarında hazırlaşdığını bildirib. Şəmil Sadiq qeyd edib ki, son dövrlər AzTU-nun inkişaf etməsi məhz həmin abituriyentlərin bu ali məktəblə əyani görüşünü zəruri edib. Hədəf Şirkətlər qrupunun qurucusu bir daha AzTU-da tələbələrə yaradılan imkanları abituriyentlərin diqqətinə çatdırıb.
Tədbirdə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra abituriyentlər universitetlə tanış olub.