Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birlikdə Respublika Diaqnostika Mərkəzinin bazasında ilk dəfə olaraq “Tibbi kosmetologiya” ixtisası üzrə altı aylıq ödənişli əsaslarla hazırlıq kursları təşkil edəcək. Kurslar sentyabrın 15-dən martın 14-dək keçiriləcək.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kurslara bu sahədə ən azı beş il iş staji olan həkimlər qəbul edilir. Kursun məqsədi həmin ixtisas üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsi və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv depilyasiya, darsonvalizasiya, dərinin apparatla pilinqi, səthi pilinq və invaziv inyeksion toxuma dolğularının yeridilməsi, botulizm toksini məhsullarının inyeksiyası, mezoterapiya, biorevitalizasiya, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması, dırnaq lövhələrinin işlənilməsi prosedurunun yerinə yetirilməsi, destruksiyaların aparılması və dəridə yenitörəmələrin müxaniki götürülməsi bacarıqları tədris olunacaqdır.
Kursu uğurla bitirənlərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiq edən müvafiq sənəd təqdim ediləcəkdir.