Dünyanı cənginə almış pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə də bir sıra işlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların sözsüz yerinə yetirilməsi istiqamətində görülən işlər artıq öz müsbət nəticələrini verir. Lakin bu günlərdə qərargahın növbəti brifinqində səslənən fikirlər onu deməyə əsas verir ki, bu işə hələ də biganə yanaşanlar var.
Avqustun 24-də Gəncə Dövlət Universitetində İdarə Heyətinin toplantısında bu barədə geniş və ətraflı söhbət getmişdir. Universitetin rektoru, professor Yusif Yusibov toplantını açaraq demişdir ki, artıq pandemiyanın ən kəskin dövrü başlamışdır. Respublika üzrə yoluxma faizinin artması onu sübut edir ki, insanlar arasında hələ də vaksinləşmə prosesinə biganə yanaşanlar var.
Məlum olduğu kimi sentyabrın 15-də yeni dərs ilinə başlanacaqdır. Odur ki, universitetdə vaksinasiya prosesinə ciddi yanaşılmalı, müəllim və əməkdaşların, eləcə də tələbələrin təcili surətdə vaksinasiya olunması həyata keçirilməlidir.
Rektor diqqətə çatdırmışdır ki, sentyabrın 1-dən artıq bir sıra məhdudiyyətlər tətbiq olunacaqdır. Belə ki, hər bir müəllim və universitet əməkdaşından istənilən tədris korpusuna daxil olması üçün pandemiya ilə bağlı şəxsiyyət vəsiqəsi, COVİD-19 pasportu və universitetə buraxılış sənədi tələb olunacaqdır. Bunun üçün hazırda xüsusi qruplar yaradılır ki, onlar da tədris korpuslarında ciddi yoxlamalar aparacaqlar. Bu sahədə nöqsanlara yol verən əməkdaşlar müxtəlif məbləğlərdə cərimə olunacaq, hətta universitetə buraxılmayacaqlar.
Rektor onu da vurğulamışdır ki, sentyabrın 15-də dərslər başlayarkən tələbələrin vaksin olunması da diqqət mərkəzində olacaqdır. Universitetin fakültə dekanlarına tapşırılmışdır ki, bu vacib məsələ ilə bağlı müvafiq işlər həyata keçirsinlər.