2021/22-ci illər üzrə Ali Təhsil Müəssisələrinə ixtisas seçimi artıq başlayıb. Ancaq bir məsələ yenə də gündəmə gəlir: Valideyn-övlad münasibətləri. Ümumiyyətlə, ixtisas seçimini kim etməlidir? Övlad, yoxsa valideyn?
- Şagird özü hansını istəyirsə, o yol ilə getməlidir. Uşağın öz istədiyi yol olmalıdır ki, getdiyi ixtisasda uğurlu ola bilsin. Atam hüquqşünasdır, məni hüquqa yönəltmək istəyirdi. Gördü, istəmirəm, iqtisadiyyata yönəltməyə çalışdı. Mən isə proqramlaşdırmanı seçəcəm.
- Əgər hər şeyi valideyn edəcəksə, o uşaq öz həyatını necə qursun? Mən imkan yaratmışam, özü seçim edib.
- Valideynlər də istəyir, övladlarına fayda versinlər. Ancaq yenə də seçimi övladın etməsi lazımdır. Hansı ixtisası istəyirsə, o yönə yönəlməlidir. Mən məsələn, valideynlərimin seçimi ilə qəbul olunmuşam universitetə. Ancaq sonradan çox səhv etdiyimi başa düşdüm.
- Valideyn övladına boşluq qoymalıdır. Mən özüm seçmişəm. Valideynim sadəcə bilirdi ki, mən bunu özüm edə bilərəm.
- Məncə valideyn buraxmalıdır uşağın öz öhdəsinə. Biri var, könüllü həkim olsun. Yaxşı həkim olsun. Biri də var könülsüz. Yoxsa əlbəttə ondan həkim çıxmaz.
Bəs Azərbaycanda abituriyentlər ali təhsillə bağlı qərarlarını necə verməlidir? Sosioloq Sahib Altay deyir ki, peşə yalnız pul qazanmaq üçün seçilməməlidir: “Peşənin əsas mahiyyəti ictimai-sosial mühitə, insanlara xidmət etməkdir. Azərbaycanda, bizim düşüncəmizdə isə birbaşa ixtisasdan pul qazanmaq nəzərdə tutulur. Bəzən də valideynlərin öz güclərindən istifadə edib övladlar üzərində basqı etməsi ilə nəticələnir. Belə məcburi aktlar sonradan ictimai şüurun zədələnməsinə gətirib çıxarır. Çünki öz peşəsinə sevgisi olmayan insan həmin sənətə istənilən xəyanəti edə bilir”.
Psixoloq Aygün Cəfərova bildirir ki, sevgisiz seçilən sənətdə ixtisaslaşmaq daha çətindir. Onun sözlərinə görə, valideynlərə seçimin önəmi aşılanmalıdır: “Valideynlər qəbul edə bilmir ki, onlar övladlarına təsir edirlər. Onlar inanırlar ki, əslində övladlarına heç bir basqı etmirlər. İlk öncə onlara bu fikirlər aşılanmalıdır ki, övladın seçimlərinə müdaxilə etməsinlər. Çünki sevgi ilə seçilmiş ixtisas nə qədər çətin olursa olsun, insan öz sənətindən zövq aldığı üçün yorulmur. Əks halda isə istər unutqanlıq, istər qeyri-peşəkarlıq istərsə də digər problemlər özünü göstərməyə başlayacaq”.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə çağırış edib və bildirib ki, hər kəs öz övladının istəyinə hörmətlə yanaşsın.
Mir Çingiz Ağazadə
Faiq Həsənov