Logo

ADU-nun beynəlxalq əlaqələri genişlənir: Pakistanda Azərbaycan Mərkəzi açılacaq

25.08.2021 15:51 1009 baxış
IMG

Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq. Bu barədə Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, iyulun 31-də ADU-da Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin iştirakı ilə Pakistan mədəniyyət mərkəzi açılıb. Qarşılıqlı razılaşmaya əsasən Pakistanın Müasir Dillər Universitetində eyni təyinatlı mərkəzin açılması planlaşdırılır.

ADU-nun rektoru, akademik Kamal Abdullanın köməkçisi Anar Rəhimov Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyatda olan general-mayor Məhəmməd Cəfərlə görüşüb. O,  Pakistan Mədəniyyət Mərkəzi haqqında məlumat verib və rektor Kamal Abdullanın təşəbbüsü ilə Müasir Dillər Universitetində də Azərbaycan Dil və Mədəniyyət  Mərkəzini açmaq və Azərbaycan multikulturalizmi fənninin növbəti semestrdən qardaş Pakistanda tədris edilmə niyyətlərinin olduğunu diqqətə çatdırıb.

Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyatda olan general-mayor Məhəmməd Cəfər öz növbəsində Azərbaycan və Pakistan arasındakı mövcud qardaşlıq münasibətlərindən bəhs edib, iki ölkənin bir-birini hər zaman dəstəklədiyini bildirib, eləcə də Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Rektor Müasir Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılmasını və Azərbaycan Multikulturalizm fənninin növbəti semestrdən tədris edilməsi planını məmnunluqla qarşılayıb, Mərkəzin açılması ilə bağlı Universitet rəhbərliyi tərəfindən bütün lazımi köməkliyin göstəriləcəyini əminliklə ifadə edib.

A.Rəhimov səfərlə bağlı təəssüratlarını bölüşərkən qeyd edib ki, İslamabadda istər universitet və təhsil nazirliyi səviyyəsində rəsmi təyinatlı görüşlərdə, istərsə də qeyri-rəsmi söhbətlər zamanı ölkəmizə, xalqımıza pakistanlıların necə hörmət və rəğbətlə yanaşdıqlarının şahidi olub:

“İnanıram ki, universitetimizin rektoru, akademik Kamal Abdullanın təhsil sahəsindəki əməkdaşlıqla bağlı bu təşəbbüsü iki qardaş xalqı daha da yaxınlaşdıracaq, insanlar arasında münasibətləri, eləcə də təhsil sahəsində əməkdaşlığı formalaşdırıb yeni müstəviyə çıxaracaq”.

Qeyd edək ki, Pakistanda Azərbaycan Dil və mədəniyyət mərkəzinin açılması sentyabr ayında planlaşdırılır.

Xəbər lenti