II Qarabağ savaşında Türkiyənin siyasi, mənəvi baxımdan Azərbaycanın yanında olması ölkəmizə əvəzolunmaz dəstək qazandırdı. Cəbhədə gedən döyüşləri Türkiyənin siyasi elitası, ictimaiyyəti də bizim qədər diqqətlə izləyir və bu prosesdə ədalətin zəfər çalması üçün öz rolunu ortaya qoyurdu.
Prezident Rəcəb Tayyib Ərdoğan həmin vaxt bütün kürsülərdə Azərbaycanın bir haqq savaşına girdiyini, bu savaşın sonunda təcavüzkarın məğlub olacağını dünyaya uca səslə çatdırırdı.
Türkiyə televiziyaları cəbhədəki hər gün dəyişən vəziyyətə dair ekspertlər qrupu ilə operativ şəkildə və güclü məntiqə söykənən təhlillər aparırdı. Ermənistanın davranışları dramatik şəkil alanda, anti-insani xarakterini ortaya qoyanda Türkiyə ictimai rəyi, siyasi institutları Azərbaycanın ədalətli mövqeyi ətrafında daha sıx həmrəylik nümayiş etdirirdi; Türkiyə mediası xüsusi fəallıqla öz tribunasından Ermənistanın faşist hərəkətlərinə beynəlxalq aləmin diqqətini cəlb edirdi. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə intensiv əlaqə saxlayır, Qarabağdakı gərgin vəziyyətə dair birgə müzakirələr aparırdı. Etiraf etməliyik ki, bu amillər bizə çox böyük dəstək oldu.
Bu məqama Prezident İlham Əliyevin son müsahibəsindən bir hissə ilə diqqət edək:
“Savaşın ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Azərbaycana siyasi, mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu...
... Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir”.
Artıq o proses arxada qalıb, amma hələ də bu sual çoxlarını maraqlandırır: Türkiyə müharibənin gedişində siyasi, mənəvi dəstəyi ilə niyə Azərbaycanda idi?!
Bu sualın cavabı isə aydın və konkretdir: Çünki bizim ortaq tariximiz, etnik köklərimiz birdir. Çünki Azərbaycanla Türkiyə bir-birinin ən yaxın və etibarlı müttəfiqidir. Onların münasibətləri “Bir millət, iki dövlət” devizi ilə uzun illər ərzində formalaşıb, möhkəmlənib və sarsılmaz bir gerçək üzərində bərqərar olub.
Bundan başqa, Türkiyə bölgədə və dünyada nüfuzlu bir siyasi gücdür; Regional problemlərin müzakirəsində və həllində ciddi söz sahibidir. Əlbəttə ki, Türkiyənin Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında olması əbədi qardaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya ziyarəti zamanı imzalanan “Şuşa Bəyannaməsi”ni qardaşlıq münasibətlərinin zirvəsi adlandırıb. Bu ad münasibətləri, doğrudan da gözəl və olduqca mənalı ifadə edir.
Biz Türkiyəni Azərbaycanın Qarabağ yarasının közünü həmişə özündə hiss edən bir ölkə kimi gördük. Türkiyənin yaralarını da eynən biz özümüzünkü kimi hiss etdik. Bu, hər zaman belə oldu: Türkiyənin sərhədlərində terrorçularla gedən savaşda mehmetçik şəhid olanda da! Zəlzələlərin yaratdığı tragik vəziyyətdə də! Nəhayət, son dəhşətli meşə yanğınlarında da!
“Yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar”.
Prezident İlham Əliyevin bu sitatının son cümləsindəki mənzərəni əks etdirən məqamlar sosial şəbəkələrdə trendə çevrildi: Azərbaycan yanğınsöndürənləri özlərini alovun içərisinə qorxmadan, çəkinmədən atırdılar ki, qardaş dedikləri insanların fəryadına layiqli şəkildə səs verə bilsinlər; Türkiyənin gözəl, füsunkar təbiətini amansız yanğından qurtara bilsinlər!
Azərbaycan və Türkiyə əsl qardaş, əsl dost, əsl müttəfiq olmağı bacaran dövlətlərdir. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir”. Və təbii ki, ƏBƏDİDİR!
V.ALLAHVERDİYEVA