Logo

XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ

26.08.2021 08:27 963 baxış
IMG

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti öz zənginliyi və genişhəcmliliyi ilə diqqəti çəkir. O həyatının bütün məqamlarında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə daşıması xalqına böyük sevgisinin ifadəsi idi. 

Respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf  Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər  Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb. 

Mehriban xanımın Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan  Gimnastika   Federasiyasının prezidenti kimi də səmərəli fəaliyyəti diqqət cəlb edir. Olimpiya Oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir. Bütün bunlarla yanaşı, Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. Mehriban Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcək. 

Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu, özünəməxsus inkişaf modelinə malik olan və demokratik ölkə kimi tanınır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu fəaliyyəti gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı - dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir. Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. 

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru uğurlu nəticələr əldə edib.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə ilk növbədə Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, ümummilli liderin həyata keçməyən arzu və ideallarının gerçəkləşməsinə çalışmışdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə yaxından bələd olması Mehriban xanım Əliyevaya ümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi çətin missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir. Bu həssas məqam onun Birinci vitse-prezident vəzifəsində də uğurlu və məqsədyönlü idarəçiliyinə təminat yaradır. Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətində cəmiyyətin həssas sahələrinə diqqət də daim ön planda olmuşdur. Son 16 ildə həyata keçirilən müxtəlif layihələr onun sosial və humanitar sahədəki fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Bunun nəticəsidir ki, ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparan Mehriban xanım Əliyeva reallaşdırdığı xeyirxah, nəcib layihələrlə ölkəmizdən kənarda da insanların dərin etimadını qazanmışdır.

Çoxşaxəli layihələrində Heydər Əliyev ideallarını rəhbər tutmaqla yanaşı, həm də insanlığın və bəşəriyyətin nicatına xidmət edən nəcib missiya həyata keçirmişdir. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir. Xatırlatmaq lazımdır ki, dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 

Heydər Əliyev Fondunu 16 il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban xanım Əliyeva ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edib, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirib.  Azərbaycan xalqının adət-ənənələrinin təbliğindən tutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdə bilavasitə Mehriban xanımın rəhbərliyi ilə sərgilər həyata keçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevə dinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamının dünyaya çatdırılmasında oynadığı rolun nəticəsidir. Bir sözlə, Azərbaycan incilərini dünya sərvətlərinin bir hissəsi olaraq beynəlxalq ictimaiyyətə təqdim edir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da bir daha Azərbaycanın mədəni irsini necə qorumağın, necə inkişaf etdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir. Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü bir şəraitdə bu qədər yüksək səviyyədə təşkilatçılığı Mehriban xanım mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinə yaxınlaşmasını təmin etmiş olur.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, idman, mədəniyyət sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər,  xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban xanım Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən işgüzar və görkəmli Azərbaycan qadını kimi tanınması  cəmiyyətimizdə  Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmanın inkişafı məsələsi də Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. 

Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni hər zaman layiqincə daşıyacaq.
 

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Xəbər lenti