Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2021-ci il üzrə “Enactus Azərbaycan” milli yarışı yekunlaşdı. Avqustun 25-də yarışın yarımfinal mərhələsi zamanı komandaların təqdimatları münsiflər tərəfindən qiymətləndirilib və Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti komandaları “Enactus Azərbaycan” milli yarışının final mərhələsinə vəsiqə qazandı. Avqustun 26-da final mərhələsi ilə bağlı təntənəli tədbir keçirildi.
Tədbirin açılışı zamanı Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Mərasimdə çıxış edən “Enactus Azərbaycan” İdarə Heyətinin sədri, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov diqqətə çatdırdı ki, Fond hər il yüzlərlə layihə icra edir. Bu layihələr, proqramlar, tədbirlər bilavasitə gənclərin sosial sifarişi əsasında ərsəyə gəlir. Bu cür intellektual tədbirlərin keçirilməsi və gənclərin fəal iştirakı, eləcə də onların belə tədbirləri fəal təbliğ etmələri savadlı, təhsilli Azərbaycan gəncliyinin yetişməsinə əlavə stimul verir.
Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bütün “Enactus” proqramı iştirakçılarına gərgin mübarizədə uğurlar arzuladı. O, gənclərin bu kimi layihələrdə göstərdiyi uğurlu fəaliyyəti yüksək qiymətləndirdiyini bildirdi. İntiqam Babayev, həmçinin gənclərin savadlı və sağlam təfəkkürdə olması üçün bu kimi layihələrin əhəmiyyətindən danışdı.
BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli belə tədbirlərin gənclərimizin auditoriyalardan kənarda biliklər əldə etməsi, təcrübə qazanması baxımından əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, müasir dövrdə təkcə nəzəri biliklərə yiyələnmək kifayət etmir. Müxtəlif praktiki biliklər, vərdişlər, bacarıqlar formalaşdırılmalıdır, ünsiyyət qurmaq, fikir bildirmək, təqdimat aparmaq qabiliyyəti və iqtisadi biliklər olmalıdır. Bütün bunları məhz bu cür müsabiqələr vasitəsilə aşılanması təqdirəlayiq haldır.
Tədbirdə dörd finalçı komanda “Enactus Azərbaycan” İdarə Heyətinin üzvləri qarşısında layihələrinin təqdimatını etdi, heyət üzvləri tərəfindən ünvanlanan müvafiq sualları cavablandırdılar.
Qeyd edək ki, “Enactus Azərbaycan” İdarə Heyətinin sədri, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, İdarə Heyətinin üzvləri Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli münsiflər kürsüsündə komandaların layihələrini dəyərləndirdilər. Yekun rəyə əsasən, 124 xalla Bakı Ali Neft Məktəbi yarışın qalibi seçildi.Qalib komanda Azərbaycanı oktyabrın 14-21-də keçiriləcək Enactus Dünya Kubokunda təmsil edəcək. Həmçinin münsiflər heyətinin müvafiq qərarına əsasən, Sumqayıt Dövlət Universitetinin komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görüldü. Sonda qalib gələn komandalara müvafiq mükafatlar təqdim edildi.
Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin komandasının təqdim etdiyi “Şam ağacı qozasının kənd təsərrüfatında təbii yem əlavəsi və sənayedə qaz və kömürün alınmasında bioyanacaq kimi istifadəsi” adlı layihə ikinci yerə layiq görüldü. Sonda qalib gələn komandalara müvafiq mükafatlar təqdim edildi.
Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərkən daha yaxşı bir dünya yaratmağa hədəflənmiş ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.