Məlum olduğu kimi 20.08.2021 – ci il tarixindən ali təhsil müəssisələrinə qəbul olmaq şansını əldə edən abituriyentlər üçün ixtisas seçimləri başlamışdır. Bu proses 30.08.2021 – ci il tarixinə qədər davam edəcəkdir.
Yüksək ali təhsilin, peşəkar kadr hazırlığının şimal – şərq regionundakı yeganə ünvanı olan ADPU – nun Quba filialı da bütün imkanları ilə bu ali təhsil müəssisəsini seçəcək gələcəyin tələbələrinə öz qapılarını açmışdır.
Ölkəmizdə və regionumuzda son vaxtlar ADPU – nun Quba filialının inkişafı göz qabağındadır. Məhz bu inkişafı görən yüksək nəticə toplamış abituriyentlər də filialımızı ilk sırada seçirlər.
Belə abituriyentlərdən biri də Xasıyeva Fidan Vüqar qızıdır. Qəbul imtahanında 454 bal yığaraq yüksək nəticə göstərən abituriyent bu gün valideyini ilə birlikdə tezliklə ali təhsil almaq imkanı ola biləcək filialımızın qonağı olmuşdur.
Görüş zamanı ona filialımızın tarixindən, əldə etdiyi uğurlardan danışılmış və burada tələbələr üçün yaradılmış şərait əyani şəkildə göstərilmişdi. Geniş akt zalı, yüksək səviyyədə hazırlanmış H.Əliyev lektoriyası, müasir təchizatlarla təmin olunmuş auditoriyaları gəzən abituriyent bir daha bizi seçdiyindən məmnun olduğunu bildirdi.
Valideyn Xasıyev Vüqar bildirdi ki, onun bir qız övladı da bu filialda iki ildi təhsil alır. Burada verilən yüksək səviyyəli təhsil, qısa müddətdə baş verən dəyişikliklər bir valideyin kimi onu da məmnun edir və bu təhsil müəssisəsinə etimadını daha da artırır.
Sonda abituriyentə, valideyininə bizi ilk sırada seçdiyi üçün təşəkkür edildi və ADPU -nun Mətbuat katibi Cavid Hüseynovun yenicə çapdan çıxmış kitabı hədiyyə edildi.