Logo

Şəhid Aqil Mirzəyevin diplomu ad günündə ailəsinə təqdim edildi

28.08.2021 15:56 1202 baxış
IMG

27 avqust Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Aqil Mirzəliyevin doğum günüdür, yaşasaydı 22 yaşı olacaqdı.

Aqil Mirzəliyevin ad günü münasibətilə İsmayıllıdakı Şəhidlər Xiyabanında, şəhidin məzarı önündə anım mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, İsmayıllı rayon icra başçısı Nahid Bağırov, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, dekan müavlərini Azər Qarayev və Abdulkərim Sadıqov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı da iştirak edib.

UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklik qoyublar və gül dəstələri düzüblər.

Fakültə dekanı Hafis Hacıyev Aqil Mirzəliyevin diplomunu onun ailəsinə təqdim edib. O, Aqil kimi igid oğulların, cəsur əsgərlərimizin, qazilərimizin qanı, canı bahasına qazanılan qələbəmizin 30 illik Vətən həsrətinə son qoyduğunu deyərək, xalqımızın bu cür oğullarımızla fəxr etdiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Şəhid ailəsinin hər bir üzvünün UNEC ailəsi üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Anım mərasimində şəhidin anasına “Kəlbəcərin azad olunmasına görə” medalı təqdim olunub.

Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İ.Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarının, bilik yarışların qalibi olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra, qəbul imtahanında 613 bal toplayaraq, UNEC-in mühasibat uçotu və audit ixtisasına qəbul olunub. 2020-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb.

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmət edən Aqil Mirzəliyev sentyabr ayının 27-də başlayan II Vətən müharibəsinin fəal iştirakçısı olub. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaətlə döyüşüb. 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən ağır döyüşlərdə isə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-ü İsmayıllıda Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Mirzəliyev Aqil “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti