Ədalət Muradov:” Bu işdə ən böyük töhfəniz peyvənd olunmağınızdır”
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşlar arasında təhsilin və iş rejiminin distant, ənənəvi və ya hibrid (onlayn + ənənəvi) formada təşkil olunması barədə onlayn sorğu keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov Facebook səhifəsində həmin sorğunun nəticələri barədə fikirlərini bölüşüb:”Pandemiya işçilərə həm də onlayn işləməyi öyrətdi. İlk vaxtlar onlayn iş böyük əksəriyyəti qane etmirdisə, indi vəziyyət dəyişib, işçilər artıq ənənəvi iş rejiminə daha az maraq göstərir və onlayn işə üstünlük verirlər. Pandemiyanın yaratdığı ən ciddi dəyişikliklərdən biri də məhz budur. Biz də UNEC-də bununla bağlı sorğu keçirdik. Sorğunun nəticələri dünyada baş verən dəyişikliklərə uyğundur. Belə ki, sorğuda, bütövlükdə 11289 müəllim, tələbə, əməkdaş iştirak edib.
- UNEC müəllimlərinin 50.6 faizi, tələbələrinin 46.4 faizi, əməkdaşlarının 45.9 faizi onlayn rejimə üstünlük verir.
- Bununla yanaşı, müəllimlərin 16 faizi, tələbələrin 19.6 faizi, əməkdaşların 19.1 faizi qarışıq (onlayn + ənənəvi) rejimi seçir.
- Qalanlar isə, o cümlədən müəllimlərin 33.4 faizi, tələbələrin 34 faizi, əməkdaşların 35 faizi ənənəvi işin bərpasını istədiklərini bildirir.
UNEC-də keçirdiyimiz sorğunun nəticələrinin yayımlanması ancaq və ancaq məlumat xarakteri daşıyır. Bu, hər hansı bir qərara da əsla işarə deyil. İstəyimiz dəyişməz olaraq qalır. UNEC olaraq biz ənənəvi təhsilin bərpasının tərəfdarıyıq. Bu işdə ən böyük töhfəniz, peyvənd olunmağınızdır.
Tezliklə UNEC-də görüşmək ümidilə...”.
Azərbaycan müəllimi