AMEA Tarix institutu Zəngəzurun tarixinə dair bir sıra mühüm nəşrlər hazırlayır.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, artıq Tarix institutu Elmi Şurasının qərarına uyğun olaraq Zəngəzur tarixinə dair unikal mənbə, Zəngəzur mahalının 1832-1833-cü illərə dair kameral təsviri işıq üzü görüb.
Bildirilib ki, kameral təsvir Rusiya imperiyası tərəfindən iqtisadi-fiskal məqsədlə aparılan əhali qeydiyyatının bir forması idi.
Qeyd olunub ki, buna baxmayaraq, bu mənbə orada yaşayan əhalinin nəsli şəcərəsinin bərpası, yer adları və digər məsələlər haqqında da məlumat verir. Bir sözlə tarixin bərpasında ciddi rola malikdir.
Həmçinin məlumatda bildirilib ki, 1832-1833-cü illərə aid kameral təsvir Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını, ermənilərin köçürülməsi nəticəsində əhalinin etno-demoqrafik tərkibində baş verən dəyişiklikləri də izləməyə imkan verir. Kitaba Tarix institutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov ön söz yazıb. Kitabı nəşrə fəlsəfə doktoru Nazir Əhmədli hazırlayıb.
Yaxın vaxtlarda Zəngəzur tarixinə dair yeni nəşrlər də işıq üzü görəcəkdir.