Logo

Azərbaycan müharibəni ləyaqətlə aparıb ədalətli Zəfər qazandı

31.08.2021 00:14 599 baxış
IMG

Azərbaycan xalqı zəngin tarixi, maddi və mənəvi dəyərlərə malikdir. Bu dəyərlərin özünəməxsusluğunda vətən, torpaq sevgisi, insanpərvərlik, xeyirxahlıq, haqqa- ədalətə inam, əzmkar mübarizlik xüsusi yer tutur. Prezident İlham Əliyevin 14 avqust 2021-ci il tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə xalqımızın bu kimi mənəvi zənginliyini xüsusi vurğulamaqla tarixi Zəfər qələbəsinə qədər və müharibə dövründə Azərbaycanın mübarizəsini, dövlətimizin məqsədyönlü uğurlu xarici siyasətini bu proseslərin təşkilatçısı və lideri olaraq bir daha mükəmməl təhlil etdi və beynəlxalq aləmə güclü, təkzibolunmaz mesajlar verdi.  Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı.

30 il ərzində torpaqlarımızın işğal altında qalması beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olmasına, dünyada aparılan “ikili standartlar”a baxmayaraq Azərbaycan heç zaman bu vəziyyətlə barışmadı. Dünyanın gözü qarşısında insanlığa qarşı Xocalı soyqırımına “ədalətdən” danışan çox ölkələr biganə qaldı. Cəmi 13 ölkə Xocalı qətliamını soyqırım kimi tanıdı. Budurmu dünya siyasətini yönləndirən dövlətlərin öbyektivliyi, ədaləti...?!

Prezident İlham Əliyev xalqımızın istəyi, iradəsi və dövlət tərəfindən aparılan məqsədyönümlü işlərə arxayın olaraq, xalqın və özünün iradəsini ifadə edərək dəfələrlə bəyan edirdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı azad edəcəyik. Bəli beynəlxalq hüququn, qətnamələrin icrasını Azərbaycan özü təmin etdi, bütün dünyanın gözü qarşısında, uğurlu xarici siyasəti, müasir texnika və müharibə taktikası ilə buna nail oldu. Qurtuluş savaşına başlayaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə dünya tarixində müharibəyə hazırlaşmaq, daxili və xarici siyasəti məharətlə, nəticəyönümlü şəkildə qələbənin təmin olunmasına istiqamətindirmək baxımından nadir bir hadisədir. Azərbaycan hərbiləşmiş dünyanın hərb tarixinə XXI əsr müharibəsinin qələbəsini yazdı, qüdrətli və qalib Azərbaycan dövləti olaraq dünyada qəbul olundu.

Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi: “Xalqın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biridir. Qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı”.

44 günlük müharibənin ilk günündən başlayaraq Ermənistan döyüş meydanında məğlubiyyətə, darmadağın edilməyə məhkum oldu. Döyüş meydanında doğma torpaqlarımızı azad edən rəşadətli ordumuz geri addım atmadı. Ali baş komandandanın öz dilindən hər gün yeni torpaqlarımızın azad edilməsini eşidən Azərbaycan xalqı ordumuzun arxasında bir yumuruq kimi birləşərək böyük vətənpərvərlik hissi ilə, könüllü olaraq cəbhəyə yollandı. Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrum idi.

Mənfur düşmən çıxılmaz, aciz duruma düşərək ordumuzu durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturaq öz xislətini bir daha göstərirdi. Heç vaxt müstəqil, suveren dövləti olmayan bu “millət” bu hərəkətləri ilə bütün insani, sivil dəyərlərdən uzaq olduğu nümayiş etdirdi və dinc əhalini atəşə tutması ilə hərbi cinayətkar olduğunu dünyaya göstərdi. Bu barədə danışarkən İlham Əliyev qeyd etdi: “Ermanistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər”

Ermənilərin 30 ilə yaxın dövrdə işğal altında olan torpaqlarımızda törətdikləri dağıntıların, cinayətlərin onların daimi xisləti olduğu 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın geri qaytarılanda bu əraziləri boşaldarkən etdikləri vəhşiliklər zamanı da bir daha təsdiqini tapdı. Bu dünyanın gözü qarşısında baş verdi. Halbuki onlar Rusiyanın vasitəsilə Azərbaycandan vaxt istəmişdilər. Ermənilər bu addımın qarşılığında həmin ərazilərdən apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar.

Azərbaycanda ümumbəşəri, multikultural dəyərlərin, bütün millətlərin və etnik azlıqların mədəni irsinin qorunub saxlanılığı, birgə yaşanıldığı halda, Ermənistanın monoetnik dövlət olaraq digər xalqların mədəni irsinə, mənəvi dəyərlərinə qarşı barışmaz mövqeyi onların müasir dünyada mənfur bir topluma çevrilməsini göstərir. Müharibə dövründəki əməlləri və müharibədən sonra işğaldan azad edilmiş torpaqlardan edilən reportajlar bunların bir daha təsdiqidir.

Bütün bunların əksinə olaraq Azərbaycan insani dəyərləri həmişə üstün tutduğunu ən kritik məqamlarda da təsdiq etdi. Tarixən Azərbaycan xalqına həmişə xəyanət etmiş, insanlarımıza qarşı hər çürə vəhşilik və cinayət törətmiş, torpaqlarımızı işğal etmiş belə bir xəbis, nifrətə layiq erməniyə qarşı torpaqlarımızı azad edilməsi uğrunda aparılan ədalətli bir müharibədə də xalqımız özünəməxsus dəyərlərə, müharibə qanunlarına sadiq qaldı. Əks tərəfdən fərqli olaraq dünyanın gözü qarşısında müharibəni sivil qaydada aparmaqla nəinki ermənilərə, dünyaya müharibə aparmaq mədəniyyətini göstərdi, müasir texnika ilə qələbə qazanmaq taktikasını nümayiş etdirdi.

Prezident İlham Əliyevin müsahibədə Azərbaycan ordusunun məsuliyyət və peşəkarlığından söhbət açaraq qeyd etmişdir: “Məsuliyyətli ölkə olaraq Azərbaycan müharibəni ləyaqətlə aparıb. Azərbaycan Ordusunun məsuliyyəti və peşəkarlığı nəticəsində Ermənistan tərəfində mülki əhali arasında itkilər çox az olub. Təqribən 30 nəfər civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntı olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan müharibəni ləyaqətlə aparıb və savaşa xas olan bütün qaydalara riayət edib”

Odumuzun son illərdə ən müasir texnologiyaya əsaslanan silahlarla təchiz edilməsi, peşəkarlığın daim artması nə qədər böyük rol oynasa da, Prezidentimizin qeyd etdiyi kimi : “... silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı”

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Azərbaycanın müstəqil qərarlar vermək, düzgün müttəfiq seçmək, etibarlı olmaq, dünyada haqlı olduğunu göstərmək kimi mövqeyi ona daim nüfuz gətirir.   

Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə dünya dövlətlərinin ikili siyasətinin yaratdığı problemlərə diqqəti yönəldərək Ermənistana və ona havadarlıq edən dövlətlərə açıq mesajlar ünvanladı. Cənab İlham Əliyevin dolğun faktlara əsalanan, səmimi, cəsarətli və aydın fikirləri informasiya mübarizəsində tutarlı dəlillərlə işğalçı Ermənistana və onun havadarlarına keçmişlə deyil, gələcəklə yaşamaq istiqamətini göstərdi.

Eyni zamanda 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasətin yürüdülməsi, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələrin olmaması və bu birlik, həmrəylik, qardaşlığın sözdə deyil, əməldə öz təsdiqini tapması xüsusi vurğulanıb.

İşğaldan azad edilmiş torpaqlarımızda başlanmış böyük quruculuq işləri, xarici ölkələrin bu prosesdə iştirak etmək maraqları, böyük iqtisadi layihələr, uğurlu xarici siyasət və xalqımızın böyük milli həmrəyliyi Azərbaycanın yaxın gələcəkdə daha böyük inkişaf prespektivlərindən xəbər verir.

Vahid Tağıyev
İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini

Xəbər lenti