Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu və 11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
UFAZ və ADNSU tələbələrindən ibarət “Neft-Qaz Mühəndisləri Cəmiyyəti” tələbə birliyinin (SPE ASOIU Chapter) təşkil etdiyi “Energy4me” layihəsi çərçivəsində baş tutan görüşdə əvvəlcə şagirdlər UFAZ-ın binası, laboratoriya və maddi-texniki bazası ilə tanış olublar. Məktəblilərə universitetdə tədris olunan ixtisaslar, UFAZ-ın təklif etdiyi imkanlar, burada aparılan təhsil və tədris üsulları haqqında geniş məlumat verilib.
Daha sonra şagirdlər bərpa olunan və olunmayan enerji mənbələri haqqında məlumatlandırılıb. Onlar neftin tarixi, Azərbaycanın bu sahədə rolu, neft-qazın tədqiqatı, davamlılığa doğru gedən qlobal dəyişikliklər, müsbət və mənfi cəhətləri və hazırda bu sahədə Azərbaycanda icra olunan layihələr haqqında biliklər əldə ediblər.
Təqdimat və viktorinadan sonra şagirdlər UFAZ-ın əsası 2018-ci ildə qoyulmuş, Azərbaycanda ən eksklüziv texniki imkanlara malik laboratoriyalarında “Təbii neft sızmasının əmələ gəlməsi və prosesi modeli" və "Neft, qaz və suyun anbarlarda davranışı" mövzulu təcrübələr aparmaq imkanı əldə ediblər.
3 nəfərdən ibarət komandalarda işləyən şagirdlər birinci təcrübənin köməyi ilə müxtəlif maddələrin (su, yağ, sirop) öz sıxlıqlarına görə yaratdıqları fərqli layları, daha sonra əlavə olunan üzüm, süngər və bolt kimi materialların da sıxlıq səbəbi ilə fərqli səviyyələrdə durduqlarını müşahidə ediblər.
Neft sızıntıları ilə əlaqəli ikinci təcrübədə şagirdlər yağ və qumdan, torpaq və su qarışımlarının yaratdığı layların üzərinə gil, daha sonra su əlavə edərək vaxt keçdikcə yağ damcılarının həmin laylardan yuxarı doğru qalxdığını izləyiblər.
Sonda şagirdlərə SPE nümayəndələri tərəfindən sertifikat təqdim olunub.