Logo

Şahbuz rayonu üzrə yüksək bal toplayan şagirdlərin seçimi Naxçıvan Dövlət Universitetidir

01.09.2021 08:48 1182 baxış
IMG

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu İnci Həziyeva III ixtisas qrupu üzrə qəbul imtahanında 625 bal toplayıb.

Onunla müsahibə zamanı dedi ki, Ali təhsilimi Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində almaq arzusundayam. Topladığım yüksək balla valideynlərimə və müəllimlərimə sevinc bəxş etdim.

Gələcəyim üçün atdığım bu addımda özümü xoşbəxt sayıram. Mən xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, ümummilli liderimiz Heydər Əliyev biz gənclərin həyatda uğurlar qazanması naminə müstəqil Azərbaycanda elmin, təhsilin inkişafı üçün çox böyük işlər gördü, əsaslı islahatlar həyata keçirdi. Muxtar respublikamızda da bu ideyalar bu günə kimi davam etdirildiyindən yaxşı oxumaq, uğur qazanmaq üçün nə lazımsa, təmin edilib. Biz tələbə-gənclər də bu böyük qayğıya cavab olaraq bundan sonra da yalnız yüksək təhsil alaraq elmin sirlərinə dərindən yiyələnməliyik.

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Ayşən Əbülfəzli isə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 577 bal toplayıb.

Onunla müsahibə zamanı qeyd etdi ki, bu gün orta məktəblərdə bizə yaradılan şəraitlə yanaşı, muxtar respublikamızda fəaliyyət göstərən universitetlər də biz gənclərə böyük ərməğandır. Çünki təhsil almaq üçün başqa yerə getməyimizə gərək yoxdur. Dünyanın ən qabaqcıl ölkələrindəki universitetlərdə olan şərait elə evimizin içindəcə yaradılıb. Buna görə də mən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsilimi davam etdirmək fikrindəyəm. Onu da qeyd etmək istəyirəm ki, bu gün ali məktəblərimizdə xarici dillərdə də təhsil verilir. Elə mənim seçdiyim ixtisasın ingilis dilində tədrisi kimi.

Xəbər lenti