Logo

Bakı Dövlət Universitetinin zəfər ovqatlı 102-ci ildönümü

01.09.2021 12:13 997 baxış
IMG

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 102 il ötür.

Müsəlman Şərqinin ilk demok­ratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti elmin, təhsilin inkişafına, əhalinin savadlan­masına böyük önəm verirdi. Bu məqsədlə parlamentdə dəfələrlə müzakirələr aparılmış, universitetin təsis edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Uzun və gərgin müzakirələrdən sonra, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universiteti­nin təsisi haqqında” qanun qəbul etdi. Beləliklə, 1919/1920-ci tədris ilindən universitet tarix-filologiya və tibb fakültələri ilə fəaliyyətə başladı. Cümhuriyyət Hökumətinin qərarına əsasən, universitetin ilk rektoru professor V.İ.Razumovski, tibb fakültəsinin dekanı profes­sor İ.İ.Şirokoqorov, tarix-filologiya fakültəsinin dekanı isə dosent N.A.Dubrovski təyin olundu. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyala­rında ilk mühazirələrin oxunması ilə Azərbaycanın birinci ali təhsil ocağı həyata vəsiqə qazandı.

Xalq Cümhuriyyəti dövründə çox qısa zaman müddətində fəaliyyət göstərsə də, Bakı Dövlət Univer­siteti xalqımızın maariflənməsinə, əhalinin savadlanmasına özünün töhfələrini vermiş, elm, təhsil yolumuzun sönməyən çırağını yandırmışdır. Sovet hakimiyyəti illərində də universitet tarixi missi­yanı davam etdirmiş, ölkəmizdə elm və təhsilin əsas mərkəzi olmuşdur. Eyni zamanda, BDU həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının formalaşması və eləcə də respubli­kamızda sonradan yaradılan bir sıra digər ali məktəblər üçün baza rolunu oynamışdır.

Bakı Dövlət Universiteti sovet hakimiyyəti illərində bütün təzyiq və basqılara rəğmən Azərbaycanda milli ruhun daşıyıcısı missiyasını şərəflə yerinə yetirmiş, milli şüu­run formalaşması prosesində fəal surətdə iştirak etmişdir. Təsadüfi deyil ki, ağır və məşəqqətli 30-cu illərdə universitetin fəaliyyəti məhz bu səbəbdən bir müddət dayan­dırılmışdır. Lakin milli ruhlu ziya­lılarımızın fədakarlığı nəticəsində ölkənin ilk ali təhsil müəssisəsi qısa müddətdən sonra fəaliyyətini bərpa etmişdir.

Bakı Dövlət Universitetinin inkişafında yeni mərhələ 1969-cu ildən – ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra başlanmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycanda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələri kimi, elmin və təhsilin də inkişafına böyük diqqət göstərmişdir. Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanı kimi bu proseslərdə aparıcı rol oynamışdır.

Universitetin 50 illik yubileyində ulu öndər Heydər Əliyevin iştirakı və dövlət başçısı kimi Azərbaycan dilində çıxış etməsi həmin dövrdə olduğu kimi, bu gün də qədirbilən xalqımız tərəfindən cəsarətli addım və tarixi hadisə kimi yüksək qiymətləndirilir. Ümummilli lide­rimiz sonralar həmin hadisəni belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində da­nışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insan­lar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər". Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının və eləcə də himayəçiliyinin sayəsində universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi. Təsadüfi deyil ki, ötən əsrin sonlarında Azərbaycanda sovet imperiyasına qarşı azadlıq mübarizəsi məhz universitetdən başlandı.

Bakı Dövlət Universiteti Azərbaycanda elmin və təhsilin inkişafındakı rolunu, eyni zaman­da, milli şüurun, vətənpərvərlik ruhunun formalaşması və inkişafın­dakı tarixi missiyasını müstəqillilk illərində daha əzmlə davam etdirdi. Müstəqillik illərində də universi­tet hər zaman olduğu kimi, ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısından kənarda qalmadı. Bu dövrdə müdrik rəhbərin səyləri nəticəsində universitetin elmi potensialı və maddi-texniki bazası günü-gündən gücləndi. Bu gün qü­rurla söyləyirik ki, ulu öndər Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin xeyirxahı və hamisi olmuşdur.

Son 18 ildə ölkəmizə uğurla rəhbərlik edən ulu öndər Heydər Əliyevin ləyaqətli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakı Dövlət Univer­sitetinin inkişafı, müasir dünya universitetləri siyahısında layiq olduğu şərəfli yeri tutması üçün hər cür diqqət və qayğı göstərmişdir. Ölkə başçısının 14 noyabr 2017-ci il tarixli "Bakı Dövlət Universiteti­nin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, 2019-cu ildə universitetin 100 illik yubileyi ölkədə və xaricdə ən yüksək səviyyədə qeyd edilmişdir. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin şərəfli yol keçdiyini, universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prose­sinin sürətləndirilməsindəki tarixi xidmətlərini xüsusi qeyd etmişdir.

Sərəncama uyğun olaraq BDU-nun 100 illik yubileyi Parisdə UNESCO-nun Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, Rumıniyada Qara Dəniz Universitetləri Assosiasi­yasının təşkilatçılığı ilə Buxarest Universitetində yüksək səviyyədə qeyd edilmişdir. Yubiley ilində “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respubli­kasının yubiley medalı təsis edilmiş, yubiley pul nişanı tədavülə buraxıl­mışdır. Universitetin 113 əməkdaşı ölkə başçısı tərəfindən ən yüksək orden, medal və fəxri adlara layiq görülmüşdür. Bütün bunlar Univer­sitetin qədirbilən professor-müəllim heyətində ruh yüksəkliyi yaratmış, onları daha əzmlə, fədəkarlıqla Azərbaycan elminin və təhsilinin inkişafına öz töhfələrini verməyə sövq etmişdir.

100 illik yubiley mərasimində ölkə başçısının şəxsən iştirakı və proqram xarakterli çıxışı univer­sitet kollektivinin qarşısında yeni hədəflər qoymuşdur. Möhtərəm Prezidentimiz yubiley mərasimindəki tarixi çıxışında BDU-nun ölkəmizin həyatındakı müstəsna rolunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində uni­versitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafı­na öz dəyərli töhfəsini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın quru­cusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşı­sında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir.” Bu gün uni­versitet kollektivi həmin tarixi nitqin yaratdığı ovqatın əhval-ruhiyyəsində öz səmərəli fəaliyyətini davam etdi­rir, qarşıda duran hədəflərə çatmaq, ölkə başçısının etimadını ən yüksək səviyyədə doğrultmaq üçün səylər göstərir, beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, eyni zamanda, vətənpərvərlik ruhun­da tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlayır.

100 illik şərəfli yubileydən sonra Bakı Dövlət Universiteti hər za­man olduğu kimi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz inkişafının yeni mərhələsini yaşayır. Universitetdə dövrün tələblərinə uyğun islahatlar aparılır, şərəfli keçmişə, tarixi ənənələrə malik olan ali təhsil ocağının modern dünya universitetləri siyahısında daha ön yerləri tutması üçün məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu gün müəyyənləşdirilən və uğurla həyata keçirilməkdə olan “Universitet – 5.0” strategiyası inkişafımızın əsas qayəsini, təməl prinsiplərini təşkil edir. Strategiya – təhsil, elm, innova­siya, beynəlmiləlləşmə və sosial­laşma prinsiplərinin vəhdətindən ibarətdir.

102 il öncə 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültə, 121 kafedra, 3 elmi tədqiqat mərkəzi, 30-dan çox elmi tədqiqat və tədris laboratoriyası, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu, Konfutsi İnstitutu, İqtisadiyyat və Hu­manitar Kollec, Qazax filialı, “Gənc istedadlar” liseyi, 2 tədris-təcrübə bazası, 3 milyona yaxın kitab fondu olan böyük Elmi Kitabxana fəaliyyət göstərir.

Universitetdə ali təhsilin bü­tün səviyyələrində 24 mindən çox tələbə təhsil alır, üç mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 17 nəfəri Azərbaycan Milli Elmlər Akademi­yasının həqiqi və müxbir üzvü, 300 nəfərə qədəri elmlər doktoru, pro­fessor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.

Hazırda universitetdə tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində tədris müasir, innovativ təlim texnologiya­ları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, ali təhsil müəssisəsinin beynəlxalq akademik əlaqələri və ölkədaxili əməkdaşlıq inkişaf etdirilir, paralel olaraq struktur islahatları həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gəncləşmə siyasətinə adekvat ola­raq kadr islahatları aparılır, bacarıqlı və perspektivli gənclər önə çəkilir. Universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq əməli addımlar atılır.

Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqat işlərinə cəlb olunmaları, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkili üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Universitet tələbələri müxtəlif platformalarda universitetin idarəçilliyinə cəlb olu­nurlar. BDU-da tələbə təşkilatlarının aktiv fəaliyyətləri üçün müvafiq şərait yaradılmışdır. Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırıl­ması məqsədilə müasir tələblərə uyğun yeni yataqxana – 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” istifadəyə verilmişdir. Hazırda universitetin ən müasir tələblərə cavab verən Tələbə Şəhərciyinin yaradılması istiqamətində intensiv işlər gedir.

Həmçinin tələbələrin keyfiyyətli, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün 2021-ci ildə universitetin mətbəəsi BP şirkətinin dəstəyi ilə ən müasir avadanlıqlarla təhciz edilərək yenidən qurulmuş və istifadəyə verilmişdir. BDU ərazisində “Kitab evi”, “Xarici dil mərkəzi” də fəaliyyət göstərəcəkdir.

Artıq universitetdə tədrisin keyfiyyətli təşkili, yeni təlim texno­logiyalarının tətbiqi öz bəhrəsini verməkdədir. Xüsusilə son illər məzunlarımız müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında ən yüksək nəticələr göstərir, eyni za­manda, BDU tələbələri beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarşımalarında ön yerləri tuturlar. Həmçinin BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək xarici universitetlərə, o cümlədən, ABŞ-ın Boston, Kana­danın Alberta, Böyük Britaniyanın Kraliça Meri Universiteti, Cənubi Ko­reyanın Kyunqvoon Dövlət Univer­siteti, Çex Respublikasının Karlova, Cənubi Bohemia; İtaliyanın Bolo­niya, Sapienza, Venesiya, Turin, Litvanın Vilnüs Texnologiya Univer­siteti, Türkiyənin İstanbul, Kocaeli, Üsküdar universitetləri kimi dünyada müxtəlif ali təhsil müəssisələrinə daxil olmuşlar.

Son illər BDU-da əmək ba­zarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. Baka­lavriat səviyyəsində verilən yüksək təhsilin, elmi tədqiqat fəaliyyətinə yaradılan şəraitin və tələbələrə verilən stimulun nəticəsidir ki, BDU-nun magistraturasında təhsil alan­ların sayı ildən-ilə artır. Müqayisə üçün qeyd edək ki, Universitetdə 2021-ci ildə magistratura pilləsinə daxil olanların sayı 2016-cı illə müqayisədə 1,6 dəfədən çox olumuşdur. Tədrisin yenilənməsi və müasir standartlara uyğun qurul­ması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, magistarura səviyyəsi üzrə ekologiya hüququ, aktual riyaziyyat, mobil tətbiqlərin hazırlanması və oyun dizaynı, kompüter elmləri və texnologiyaları kimi yeni ixtisaslaş­malar açılıb.

Bakı Dövlət Universitetində tədris prosesinin daha səmərəli və innovativ üsullarla təşkili məqsədilə 2020/2021-ci tədris ilinin yay semestrindən etibarən “BLACK­BOARD” – tədrisin idarə edilməsi sisteminin tətbiqinə başlanılmışdır. Qeyd edək ki, bu sistemin tətbiqi üçün BDU 2021-ci ilin may ayın­dan etibarən ABŞ-ın “Blackboard” şirkəti ilə əməkdaşlığa başlamış, nəhayət, universitetin potensi­alı nəzərə alınaraq bu barədə müsbət qərar qəbul edilmişdir. Bu sistemin əsas üstünlükləri kimi tələbələrin biliyinin sistem üzərindən qiymətləndirilməsini, dərslərin video yazılışının aparılmasını, eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi, davamlı olaraq tələbələrin və müəllimlərin fəallığının təhlil olun­masını və s. göstərmək olar.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi tədqiqat işlərinin məzmunu yenilənmiş, səviyyəsi artmış, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində əvvəlki illərlə müqayisədə daha müsbət nəticələr əldə edilmiş­dir. BDU alimlərinin elmi tədqiqat institutlarında, laboratoriyalarda və kafedralarda aldığı nəticələr mühüm hesabatlara daxil edilmiş, praktik əhəmiyyət kəsb edən işlər kimi yüksək dəyərləndirilmişdir.

Ölkəmizdə konvergens-inno­vativ biliklərə və praktiki vərdişlərə malik ali təhsilli mütəxəssislərə artan tələbatı nəzərə alaraq BDU istehsalat müəssisələri ilə olan mövcud əlaqələrini genişləndirmiş, fakültə, elmi-tədqiqat institutları (ETİ), elmi-tədqiqat mərkəzləri (ETM) və elmi-tədqiqat laborato­riyalarının (ETL-lərin) elmi-tədiqat istiqamətləri BDU-nun inkişaf strategiyasına uyğunlaşdırılmış, fundamental və tətbiqi istiqamətlərə üstünlük verilmişdir. Bu da istedadlı mütəxəssislərin sayının artması­na, innovativ təhsil proqramları və fəaliyyətlərinin çoxalmasına, elmi ideyaların kommersiyalaşdırılması­na kömək etmişdir.

BDU-da 2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Excellence Center) təhsil-elm-istehsalat əlaqəsinin tətbiq və elmi nəticələrin kommer­siyalaşdırılması prinsiplərini əsas götürərək istehsalat ilə əlaqələri genişləndirmişdir. Son 2 il ərzində BDU-da sənaye kimyası, rəqəmsal araşdırmalar, mikrobiologiya və virusologiya, biomühəndislik, kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənaye yönüm­lü ETL-lər yaradılmış, qeyd olunan istiqamətlərdə bir sıra kommersiya əsaslı neft və qaz sənayesi üzrə layihə müqavilələri imzalanmışdır. Hazırda universitetdə 31 beynəlxalq və respublikadaxili elmi-tədqiqat layihəsi həyata keçirilir. Bu layihələr Avropa Birliyinin Horizon və TEM­PUS proqramları, TUBİTAK, Elmin İnkişafı Fondu, AMEA, SOCAR, BP Azərbaycan, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Elmi fəaliyyətin təşkili və inno­vasiyalar, tədrisin təşkili və idarə olunması, tələbələrin elmi-texniki yaradıcılıq mərkəzlərinin birgə fəaliyyəti çərçivəsində tələbələrdə yaradıcılığın formalaşması (kreativ­lik) üçün qeyri-standart tapşırıqların birgə əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqları­nın aşılanması istiqamətində işlər aparılır, onlara elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıtımı və tətbiqi istiqamətlərində elmi və pedaqoji yönümlü təlimlər keçirilir, elmi tədbirlər təşkil olunur. Yeni texnologiyaların transferi və gənc tədqiqatçılara öyrədilməsi, sənayedə çalışan mütəxəssislərin tədrisə cəlb olunması, dünyanın müxtəlif (ABŞ, İtaliya, Qazaxıstan, Ukrayna, Yaponiya, Rumıniya, Almaniya, Macarıstan, Çex Respub­likası və s.) elmi-tədqiqat institutla­rında və universitetlərində çalışan mütəxəssislərin ustad dərsləri, mühazirələri və elmi seminarları təşkil olunur. Gənc tədqiqatçılarla alınmış elmi nəticələrin əsasında məqalələrin tərtibatı və dərc olun­ması istiqamətində müxtəlif təlimlər təşkil edilir.

Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı da artan dinamika ilə inkişaf etməkdədir. Pandemi­ya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, “Clarivate Analytics” və “Elsevier” şirkətlərinin rəsmi məlumatlarına əsasən, 2021-ci ilin ilk 8 ayında BDU alimlərinin Web of Science bazasında 165-dən və SCOPUS bazasında isə 180-dən artıq məqaləsi dərc olunmuşdur. “Clarivate Analytics” şirkətinin rəsmi məlumatına əsasən, 1975-ci ildən bugünə qədər BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan jurnallarda 3294 elmi əsər nəşr edilib. Bu əsərlərə 16839 dəfə istinad edilib. BDU-nun h-indeksi 47- yə, hər bir əsərə edilən istinadların orta sayı isə 5,11-ə qədər yüksəlib. Həm struktur islahatlarının aparıl­ması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi, elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, BDU əməkdaşlarının 2020-ci ildə Q1 və Q2 kvartil kateqoriyalı jurnal­larda dərc etdirdiyi elmi məqalələrin sayı 2015-ci illə müqayisədə 2,5 dəfə artmışdır.

BDU-da Web of Science Core Collection bazasında ən yüksək– Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və Q2 kvartil kateqoriyalı jurnallar siyahı­sında yer alan “TWMS Journal Pure and Applied Mathematics” jurnalları dərc olunur.

BDU-da təbiət və dəqiq elmlər sahələri üzrə yeni jurnallar təsis edilmişdir. Azərbaycan Respublika­sının və xarici ölkələrin ayrı-ayrı elm və təhsil müəssisələrində təbiət və texnika elmləri sahəsində çalışan alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək, elmi biliklərin müxtəlif tətbiq im­kanlarını araşdırmaq üçün uyğun platforma təqdim etmək məqsədilə yeni 5 jurnalın nəşri nəzərdə tutul­muşdur: Bakı Dövlət Universitetinin Fizika və kosmos elmləri jurnalı, Bakı Dövlət Universitetinin Riyaziy­yat və kompüter elmləri jurnalı, Bakı Dövlət Universitetinin Həyat elmləri və biologiya jurnalı, Bakı Dövlət Uni­versitetinin Kimya və materialşünas­lıq jurnalı, Bakı Dövlət Universiteti­nin Yer elmləri və ətraf mühit jurnalı. Jurnallarda müvafiq elm sahələrində fundamental və tətbiqi tədqiqatların əvvəllər dərc оlunmamış orijinal nəticələrini, ən yeni elmi-texniki və innovativ nailiyyətləri özündə əks etdirən məqalələrin, o cümlədən konfrans materiallarının və icmal xa­rakterli məqalələrin anonim rəydən keçdikdən sonra Azərbaycan, rus və ingilis dillərində çap edilməsi qarşıya məqsəd qoyulmuşdur. Universitetdə əməkdaşların elmi fəaliyyətə təşviqi üçün davamlı olaraq məqsədyönlü tədirlər həyata keçirilir, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin müəllifləri mükafatlandırılır, 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” no­minasiyası üzrə müsabiqələr təşkil olunur, qaliblər yüksək məbləğdə pul mükafatına layiq görülürlər.

Son illər universitetin beynəlxalq əlaqələri də ən müxtəlif platforma­larda genişlənməkdə və inkişaf etməkdədir. Bu əlaqələr özünü Universitetin beynəlxalq assosiasiya və cəmiyyətlərdə təmsil olunması, beynəlxalq qrant layihələri, müəllim və tələbə mübadiləsi, ikili diplom proqramlarının yerinə yetirilməsi və s. kimi akademik əməkdaşlıq şəklində ifadə edir. Son dövrlər BDU ilə Türkiyənin İstanbul, Kafkas, Uşak, Nişantaşı universitetləri, Fransanın Lion-2 Universiteti, Alma­niyanın Martin Lüter adına Halle-Vit­tenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universi­teti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universi­teti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universite­ti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu (HİT), ABŞ-ın Linkoln Universiteti, Portuqaliya­nın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və s. çoxsaylı nüfuzlu universitetlər ara­sında əməkdaşlıq sazişləri, baka­lavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqra­mına dair müqavilələr imzalanmış­dır. Bütün bunlar BDU-nun qabaqcıl dünyanın elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.

Beynəlxalq əlaqələrlə yana­şı, ölkədaxili əməkdaşlığa xüsusi önəm verilir. Bu kimi əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədiqat fəaliyyətininin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Qa­rabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AzərGold, PAŞA Bank, “PAŞA Həyat Sığorta” və digər qurumlarla əməkdaşlıq məsələləri və perspektivləri müzakirə olun­muş, müvafiq memorandumlar, müqavilələr imzalanmışdır.

2019-cu ilin əvvəlindən dünyanı bürüyən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronavirus (COVID-19) xəstəliyi ilə əlaqədar bütün fəaliyyət sahələrində olduğu kimi, təhsil sahəsində də müəyyən çətinliklər, eyni zamanda, yeni reallıqlar ya­ranmışdır. Bütün bunların fonunda Universitetdə tədris prosesi və elmi-tədqiqat fəaliyyəti davam etdirilir, ali təhsil müəssisəsi öz işini yeni dövrün şərtləri və reallıqlarına müvafiq şəkildə uğurla həyata keçi­rir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə ko­ronavirus (COVID-19) xəstəliyi ilə ən yüksək səviyyədə mübarizə aparılır, vaksinasiya prosesi sürətlə həyata keçirilir. Universitet kollektivi də bu prosesdə fəal şəkildə iştirak edir. Bu gün universitet kollektivinin 80 faizindən çoxu peyvənd olunmuş­dur və səbirsizliklə ənənəvi tədrisə qayıdacaqları günü gözləyirlər.

Pandemiya dövründə tədris prosesinin yüksək səviyyədə onlayn formada təşkili ilə yana­şı, əməkdaşların və tələbələrin maarifləndirilməsi sahəsində də mühüm işlər görülmüş, bu mövzuya aid mühazirələr, elmi seminarlar, görüşlər təşkil edilmiş, həmçinin mütəmadi olaraq universitetin Psixoloji Yardım Sektorunun mütəxəssisləri tərəfindən stres, həyəcan, təşviş, eyni zamanda, stresin immun sisteminə təsiri möv­zusunda təlimlər keçirilmişdir.

2020-ci ilin sentyabr ayının 27-də mənfur düşmənin növbəti təxribatlarına cavab olaraq başla­yan və parlaq qələbə ilə başa çatan Vətən Müharibəsində BDU kollek­tivi, tələbələrimiz və məzunlarımız həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərmişdir. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanmış, onlar­dan 18 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Universitetin bütün korpuslarının foyelərində əziz və unudulmaz xatirələri hər zaman bizimlə olan şəhid tələbə və məzunlarımızın xatirə lövhələri vu­rulmuş, onlara həsr olunan sənədli filmlərin və xatirə kitablarının hazır­lanmasına başlanılmışdır. Universi­tet rəhbərliyi və kollektivi mütəmadi olaraq şəhid məzun və tələbələrin ailə üzvləri ilə əlaqə saxlayır, Vətən Müharibəsindən qalib əsgər kimi qayıtmış və təhsilini davam etdirən tələbələrə xüsusi həssaslıqla yana­şır.

Vətən Müharibəsi günlərində BDU kollektivi və tələbələri ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mübarizə aparmış, xüsusilə infor­masiya savaşına özlərinin töhfələrini vermişlər. Müharibənin ilk günlərində universitet rəhbərliyi tərəfindən BDU-nun əməkdaşlıq etdiyi dün­yanın 200-dən çox ali məktəbinin rektorlarına məktub ünvanlamış, on­lardan ölkəmizin haqlı mübarizəsinə öz dəstəklərini vermələri xahiş olunmuşdur. Qısa zaman ərzində dünyanın aparıcı universitetlərindən bu məktuba cavab kimi dəstək məktubları gəlmiş, Azərbaycanın ədalətli mövqeyi qətiyyətlə müdafiə olunmuşdur. Eyni zamanda, Vətən Müharibəsi günlərində Bakı Dövlət Universitetinin, jurnalistika fakültəsinin bəyanatları yayılmış, həmin sənədlərdə münaqişənin tarixi, Azərbaycanın haqlı mövqeyi barədə faktlar yer almış, beynəlxalq qurumlardan və beynəlxalq jurnalist təşkilatlarından məsələyə ədalətli münasibət göstərilməsi ifadə olun­muşdur. Həmçinin BDU rektorunun kollektiv adından ölkə Prezidentinə müraciəti ünvanlamışdır. Müraciətdə universitet kollektivinin Vətən Müharibəsində qələbəyə nail olunması naminə dövlətimizə və or­dumuza hər cür dəstək verməyə hər an hazır olduğu xüsusi vurğulanmış­dır. Universitet Elmi Şurasının qərarı ilə universitetin büdcəsindən və əməkdaşların öz istəkləri ilə onların əməkhaqlarından Silahlı Qüvvələrə Yardım Fonduna və YAŞAT Fondu­na ianələr edilmişdir.

Tarixi zəfərlə başa çatan Vətən Müharibəsindən sonra da BDU kollektivi bu sahədə fəaliyyətini da­vam etdirir. Universitet rəhbərliyinin tövsiyəsi ilə dünya və Azərbaycan mətbuatının müharibə dövründəki fəaliyyətinin monitorinqi aparılmış və müvafiq nəticələri özündə əks etdirən kitablar artıq çapa hazır­dır. Beş istiqaməti əhatə edən həmin kitablarda ölkə başçısının müharibə günlərində xarici mətbuata verdiyi müsahibələr, xarici, yerli və Ermənistan mediasında Qa­rabağ müharibəsi ilə bağlı yer almış yazılar və eyni zamanda, BDU əməkdaşlarının, tələbələrin müharibə dövründə mətbuatdakı faəliyyəti öz əksini tapmışdır. İnanı­rıq ki, bu kitablar gələcək tədqiqatlar üçün zəngin və etibarlı mənbə rolunu oynayacaqdır.

Bu il ilk dəfədir ki, doğma univer­sitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azad­lığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. Universitetin çoxminli kollektivi və tələbələri Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdən ilhamlanaraq Azərbaycan elminə, təhsilinə, vətəndaş cəmiyyəti quruculuğuna, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verməkdə daha inamlı, daha qərarlıdır. Universitet kollektivi, tələbələrimiz respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsində, ulu öndər Heydər Əliyevin inkişaf doktrinasının daha parlaq şəkildə həyata keçirilməsində öz tarixi missiyasını yerinə yetirir, möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı ilə qüdrətli, xoşbəxt, qalib Azərbaycanda yaşamaqdan şərəf duyurlar.

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti