Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir” adlı tədbir keçirilib.
Onlayn tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Fakültənin III kurs tələbəsi Sezər Məmmədli Azərbaycan bayrağının tarixindən bəhs edərək, bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, müqəddəslik rəmzi olduğunu vurğulayıb.
Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək iştirakçıları 9 noyabr - Dövlət Bayrağı Günü və döyüş meydanında son günlər əldə olunan tarixi qələbələr münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət Bayrağına münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu diqqətə çatdırıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, beynəlxalq miqyasda tanınmasından, Azərbaycan bayrağının rəmzi mənasından söz açıb, ədəbiyyatımızda bayraq mövzusunda yazılmış ədəbi nümunələr haqqında məlumat verib.
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqi və şeirlər təqdim olunub.
Sonda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları - professor Mətanət Abdullayeva və dosent Rəhilə Quliyeva sevinc və qürur hisslərini iştirakçılarla bölüşüb, tədbirin təşkilatçılarına təşəkkür ediblər.