Sentyabrın 1-dən Qazaxıstanda ənənəvi təhsil bərpa edilib. Bu həm ümumtəhsil məktəblərinə, həm də ali məktəblərə aiddir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanda 3,6 milyon məktəbli üçün 2021-2022-ci tədris ili başlayıb.
Sanitar-epidemioloji qaydalara əsasən, bir məktəbdə koronavirus aşkar edilərsə, şagirdlər distant təhsilə qaytarıla bilər.
Bütün müəllimlər və məktəb işçiləri koronavirusa qarşı peyvənd edilməlidir.
Qazaxıstanın baş sanitar həkiminin yeni göstərişinə əsasən, peyvənd edilməyən tələbənin yataqxanada məskunlaşması qadağandır. Yaşı 18-dək olan tələbələr, həmçinin daimi tibbi əks-göstərişləri olan və koronavirusa yoluxan şəxslər istisnadır.
Bütün təhsil müəssisələri ciddi sanitariya qaydalarına riayət edəcək.
Qeyd edək ki, ölkədə pandemiya səbəbindən 2020-ci ilin mart ayından etibarən təhsil distant şəkildə aparılırdı.