Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının rəhbəri Rəna İbrahimbəyova, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadənin elmi redaktorluğu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” elmi vəsait nəşr edilib.
Vəsait Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərova tərəfindən hazırlanıb.
Vəsaitə Bakı Dövlət Universitetinin rektorunun 14 iyul 2021-ci il tarixli əmri ilə nəşr hüququ verilib.
“Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən (Deutsche Gesellschaft für İnternationale Zusammenarbeit (GİZ) Gmbh) icra edilən Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə layihəsi çərçivəsində hazırlanıb.
Vəsait dövlət qulluğu sistemində gender bərabərliyi prinsipinin təmin edilməsi və dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə tərtib edilib.
Kurikulum beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması, dövlət qulluğu sistemində gender bərabərliyinin təmin edilməsi sahəsində bərabər imkanlar yaradılması və digər məsələlər baxımından əhəmiyyətlidir.
Kurikulum dövlət qulluğu sisteminin inkişafına töhfə verən ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün faydalı hesab edilir.
Kurikulumla verilmiş keçiddən (http://dim.gov.az/upload/iblock/e17/e176278850538f44c3accd0711fa480d.pdf) tanış ola bilərsiniz.