Logo

Bakı Slavyan Universitetinin kollektivi şanlı Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib

10.11.2020 19:46 986 baxış
IMG

Bakı Slavyan Universitetinin rəhbərliyi və professor-müəllim heyəti şanlı Qələbə günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

 

“Əziz həmvətənlər!

 

Hamınızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin birbaşa rəhbərliyi, böyük siyasi iradəsi, yenilməz qətiyyəti, hərbi məharəti, müdrik, uzaqgörən siyasəti, möhtəşəm diplomatiyası və qəhrəman Azərbaycan Ordusunun igidliyi, mətinliyi, fədakarlığı nəticəsində qazanılmış şanlı Qələbə münasibətilə ürəkdən təbrik edir, ən xoş, ən gözəl arzu və diləklərimizi çatdırırıq!

 

Xüsusi vurğulamaq istəyirik ki, separatçı, terrorçu və təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin bu il sentyabr ayının 27-dən başlayan növbəti hərbi təxribatına layiqli cavab verən və bütün cəbhə boyu genişmiqyaslı uğurlu hərbi əməliyyatlar keçirən Azərbaycan Ordusunun Qarabağ uğrunda apardığı Vətən müharibəsində göstərdiyi böyük igidliklər, şücaət xalqımızda tezliklə düşmən üzərində tam və qəti qələbəmizin təmin ediləcəyinə möhkəm inam və əminlik yaratmışdı. Azərbaycan Ordusunun igid,cəsur əsgər və zabitlərinin əzəli tarixi yurd yerlərimizi bir-birinin ardınca erməni işğalından azad etməsi, azad edilən yurd yerlərimizdə müqəddəs üçrəngli dövlət bayrağımızın dalğalanması xalqımızın bu inam və əminliyini daha da artırırdı. Rayon və qəsəbələrimizin, kəndlərimizin işğaldan azad edilməsi xalqımıza böyük sevinc hissi, yüksək əhvali-ruhiyyə yaşadırdı. Noyabr ayının 8-də Azərbaycanın milli rəmzi hesab olunan Şuşanın işğaldan azad edilməsi isə xalqımızın apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində əsaslı dönüş nöqtəsi oldu. Belə ki, Dağlıq Qarabağın strateji şəhəri olan Şuşanın işğaldan azad edilməsi erməni silahlı qüvvələrinin Azərbaycan Ordusunun hücumlarından müdafiə olunması perspektivlərini heçə endirdi. Çünki hərbi nöqteyi-nəzərdən Şuşa Qarabağın açarı hesab edilir. Şuşanın azad edilməsi Azərbaycana Xankəndinə tam nəzarət etmək və bütövlükdə Dağlıq Qarabağ münaqişəsində öz mövqeyini daha da gücləndirmək imkanı verdi. Noyabrın 9-da isə 72 kəndin və bir neçə strateji yüksəkliyin işğaldan azad edilməsi qələbəmizi daha da yaxınlaşdırdı. Artıq çox miskin, aciz və rəzil vəziyyətə düşmüş Ermənistanın öz hərbi məğlubiyyətini qəbul etməkdən başqa çıxış yolu qalmamışdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin atəşkəsin elan edilməsi və hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli qaydada Bəyanat imzaladılar. Tam əminliklə deyə bilərik ki,Ermənistanın hərbi məğlubiyyətini əks etdirən bu Bəyanat xalqımızın milli maraqlarına tam cavab verir. Bu Bəyanatın imzalanması Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsini hüquqi cəhətdən tam rəsmiləşdirdi. Noyabrın 10-u xalqımızın tarixinə şanlı Qələbə Günü kimi daxil oldu.

 

İşğalçı və təcavüzkar Ermənistan üzərində bu böyük tarixi qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş, ardıcıl və məntiqi siyasəti, hərbi bacarığı,məharəti həlledici rol oynadı. Dövlət başçımız cənab İlham Əliyev Vətən müharibəsinin gedişində yalnız hərb meydanında qələbə qazanmadı. Ölkə Prezidenti müharibənin gedişində həm də düşmənlə informasiya mübarizəsinin mərkəzində dayanaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsində baş verən hadisələr, aparılan uğurlu hərbi əməliyyatlar, eyni zamanda Ermənistanın Azərbaycanın dinc mülki əhalisini terrora məruz qoymasını konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı və bu zaman öz siyasi hazırlığı, məntiqi düşüncəsi, əsas hədəfə istiqamətlənmiş açıqlamaları ilə diqqəti çəkdi. Cənab İlham Əliyev informasiya mübarizəsinin də qalibi oldu. Eyni zamanda Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, cəmiyyətdəki milli birlik, siyasi həmrəylik düşmən üzərində tam və qəti qələbənin təmin edilməsində böyük rol oynadı.

 

Bu gün xalqımız böyük sevinc və qürur hissi keçirir. Azərbaycanın bütün şəhər və rayonlarında, qəsəbələrində, kəndlərində şanlı Qələbəmiz böyük coşqu ilə qeyd edilir. Biz də Bakı Slavyan Universitetinin kollektivi olaraq bütün xalqımıza birlikdə uzun müddət gözlədiyimiz bu böyük Qələbə sevincini bizə yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə ürəkdən, bütün varlığımıza təşəkkür edirik!

 

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!

 

Eşq olsun rəşadətli, şanlı və məğlubedilməz Azərbaycan Ordusuna! Gözün aydın, Azərbaycan xalqı!

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Qarabağ Azərbaycandır!”

 

Mətbuat və informasiya şöbəsi

Xəbər lenti