Logo

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

02.09.2021 16:27 966 baxış
IMG

2021-ci il 3 sentyabr tarixindən 19 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elan edilir.

Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 55-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 34-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Hesablama Palatasında şöbə müdiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri və Aparat rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifələridir.

Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 28, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində 9, Dövlət Turizm Agentliyində 7, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 7, Maliyyə Nazirliyində 6, Gənclər və İdman Nazirliyində 5, Dövlət Statistika Komitəsində 4, Baş Prokurorluqda 3, Energetika Nazirliyində 3, Kənd Təsərrüfatı Nazirliyində 3, Xarici İşlər Nazirliyində 3, Bakı Apellyasiya Məhkəməsində 2, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2, Təhsil Nazirliyində 2, Hesablama Palatasında 1, Mədəniyyət Nazirliyində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Səhiyyə Nazirliyində 1, Şəki Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilər:

-  Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-  Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

-  1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2021-ci il tarixindən 22 sentyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti