Logo

"Tədris prosesi barədə rəsmi məlumatın olmaması narahatlıq yaradır" - Sədr müavini

03.09.2021 12:18 1037 baxış
IMG

"Razılaşmalıyıq ki, dərs məşğələlərinin başlanmasına sayılı günlər qaldıqca digər tərəfdən də tədris prosesinin nə vaxt və hansı formada başlanacağı barədə rəsmi məlumatın olmaması cəmiyyətdə narahatlığı artırıb".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə müxtəlif fərziyələr, ehtimallar irəli sürülür ki, bu da cəmiyyətdə müəyyən çaşqınlıq yaranmasına səbəb olur:

"Baxmayaraq ki, pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin araşdırılması və burada əsas məqsədin ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənmək olduğu barədə dəfələrlə rəsmi açıqlamalar verilib, bununla belə sosial şəbəkələrdə müxtəlif fərziyələr, ehtimallar irəli sürülür ki, bu da cəmiyyətdə müəyyən çaşqınlıq yaranmasına səbəb olur. Bu da başadüşüləndir və bu halı təbii qəbul etmək lazımdır. Bu şəraitdə yeganə istinad mənbəyi hər hansı bir subyektiv proqnoz deyil, yalnız rəsmi məlumatlar olmalıdır".

Sədr müavini qeyd edir ki, konkret bir qərar vermək düşündüyümüz qədər asan məsələ deyil:

"Qəbul etməliyik ki, bu kimi fövqəladə situasiyalarda tələskənliyə yol verib hansısa konkret bir qərar vermək düşündüyümüz qədər asan məsələ deyil. İstənilən halda yekun qərar vermək üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var, Nazirlər Kabineti yanında Operativ Qərargah var, Təhsil Nazirliyinin mövqeyi var, digər əlaqədar və aidiyyəti qurumlarla məsləhətləşmələr amili var. Yəni, bu hansısa fərdin və ya qurumun iradəsindən asılı olan məsələ deyil. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamaq təklifinə qaldıqda isə bu hökm deyil, yalnız tövsiyədir və hər bir ölkə məsələyə mümkün risk səviyyəsinə uyğun yanaşır".

N.İsrafilovun fikirlərinə görə, digər ölkələrdə məsələyə bir başqa cür fərqli yanaşmalar var:

"Deyək ki, Türkiyədə məsələyə bir cür, Gürcüstanda başqa cür, digər ölkələrdə bir başqa cür fərqli yanaşmalar var. O ki qaldı mənim subyektiv mövqeyimə, tədrisə başlanılması birmənalıdır, hansı formada başlanılması isə son təhlillərdən, zəruri tədbirlərin hansı səviyyədə görülməsindən asılı olacaq. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşmanın tətbiq olunacağı da istisna olunmur. Peyvəndlənmə prosesini yekunlaşdırmaq, zaman qazanmaq üçün ertələmə də ola bilər".

"Yəqin ki, yeni dərs ilində tədrisin təşkili ilə bağlı bu gün-sabah keçiriləcək brifinqdə bütün bu məqamlara aydınlıq gətiriləcək. Vaksinasiyanın məcburiliyini qəbul etməsək də, zəruriliyini dərk etməliyik. Yalnız bütün norma və şərtlərə əməl eməklə arzuladığımız ənənəvi təhsilə başlanılmasına öz töhvəmizi verə bilərik. Unutmayaq ki, bu kimi taleyüklü məsələlərdə tələsik qərarlar çıxarmaq ağır fəsadlara yol aça bilər. Necə deyərlər, gec olsun, güc olsun..." -deyə, Nadir İsrafilov vurğulayıb.

Fəqan Əzimli

Xəbər lenti