AzTU-da Okuklu Holdingin təlim mərkəzi açılacaq.
Okuklu Holding və Azərbaycan Texniki Universiteti arasında 6 noyabr tarixində işgüzar görüş keçirilmişdir. Görüşün mövzusu AzTU-nun İqtisadiyyat və İdarəetmə fakültəsində Okuklu Holdingi təmsil edəcək müasir təlim mərkəzi və virtual laboratoriyanın qurulması olmuşdur.
İdeyanın məqsədi həm tələbələrin karyera inkişafı, gələcəkdə işlə təmini, eyni zamanda Okuklu Holdingə məxsus Hanlı Pazar markası ilə Azərbaycanın beynəlxalq platformalarda təmsil edilməsidir.
Görüşdə çıxış edən Okuklu Holdingin prezidenti Yılmaz Okuklu qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrin akademik hazırlığı ilə yanaşı onlara ticarət əxlaqının, əxlaqi dəyərlərin aşılanmasının vacibliyini də vurğuladı.
Eyni zamanda ölkə ticarətinin qeyri-neft sektoruna yönəlməsi, ÜDM-nin artırılması, yerli istehsalın inkişafı, xarici ölkələrə ixracı əsas hədəflər kimi götürülmüşdür.
Universitet rəsmiləri tələbələrin və mövcud bazarın problemlərini, onların həllinə dair qarşılıqlı atıla biləcək addımları müzakirə etdilər.