Bu il ali məktəbə qəbul olanlardan biri də Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan leytenant Azər Şəmilovun oğlu Fədayət Şəmilovdur. II ixtisas qrupuna sənədlərini verən Fədayət 448 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinə qəbul olub. Azvision.az -la təəssüratlarını bölüşən Fədayət atasının arzusunu yerinə yetirdiyi üçün çox sevinclidir:
“Özümə güvənirdim və bu işdə müəllimlərin də mənə çox köməyi oldu. Atamın şəhid xəbəri gələndən sonra mənim üçün artıq heç nə maraqlı deyildi, 5-6 ay özümə gələ bilmədim, hazırlığa getmədim, oxumadım. Sonra müəllimlərim, anam, qohumlarımız, psixoloq mənə kömək etdi. Onlar məni ruhlandırdı. Atam üçün o motivasiyanı yenidən tapıb hazırlaşmağa başladım. Onlar deyirdi ki, “atanın arsuzunu yerinə yetirmək lazımdır”. Bu sözün qarşısında artıq heç nə edə bilməzdim. Mən onun arzusunu reallaşdırmalı idim. Son 3-4 ay ərzində dayanmadan oxudum, 2-3 saat yuxu yatırdım. Əsas məqsədim atamın arzusunu yerinə yetirmək idi. O məni ali savadlı şəxs olaraq görmək istəyirdi və Allaha şükür ki, mən onun vəsiyyətini yerinə yetirdim”.
Evin ilk övladı olan Fədayət atası ilə dost münasibətdə olub. Hər zaman sirlərini, dərdlərini bölüşüblər. Fədayət həmişə atasının göstərdiyi yolla getməyə çalışıb:
“Çünki o mənim üçün nəyin yaxşı olduğunu bilirdi. Hər zaman da mənə “oxu, bala” deyərdi. Onunla sonuncu dəfə sentyabrın 21-də görüşdük. Axırıncı dəfə isə şəhid olmamışdan bir gün öncə - oktyabrın 13-ü danışdıq. Dedim ki, ata, səsin sorağın gəlsin, nə zaman qayıdırsan? Dedi ki, “gələcəm, amma bu yolda öldü var, döndü yoxdur".
"Bu gün həm sevincliyəm, həm də qəmginəm. Çünki ali məktəbə qəbul olmağımı, uğurlarımı atamın da görməsini, onun da sevinməsini istərdim”.
Fədayət üçün qarşıda uzun yol var. Tələbəlik həyatının yaxşı keçəcəyini düşünən Fədayət “müəllimimin dediyi kimi yaxşı düşünək ki, hər şey yaxşı olsun” - deyir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı və hərbi tibb qulluqçusu A zər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.