Fəxrlərimizin ruhu şad olur
14-cü yazı
İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.
Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.
Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 45 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.
On dördüncü yazımız Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olmuş Arif Əyyub oğlu Baxışovla bağlıdır.
Professor Arif Baxışov 22 iyun 1932-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlkin təhsilini Şuşa şəhər orta məktəbində aldıqdan sonra fizika elminə olan marağı 1950-ci ildə onu Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə gətirmişdir. Hələ tələbəlik illərindən elmi-tədqiqat işinə həvəs göstərən alim 1955-ci ildə universiteti bitirmiş və elə həmin ildə sonralar yaxın dost olduğu sevimli müəllimi mərhum K.Köçərli ilə birlikdə universitetin elmi xəbərlərində “Maye dielektriklərdə temperatur dissosiasiyası” mövzusunda ilk elmi məqaləsini çap etdirmişdir. Universiteti bitirdikdən sonra o Gəncə Pedaqoji İnstituna göndərilmiş və 2 il orada assistent və baş müəllim vəzifələrində çalışmışdır. Lakin elmi işə olan marağı onu yunidən Bakıya qaytarmış və 1957-ci ildə Azərbaycan EA-nın Fizika inistutunun aspiranturasına daxil olmuşdur. Aspiranturada oxuduğu illərdə o, akademik H.Abdullayevin rəhbərliyi altında bir sıra selen düzləndiricilərinin fiziki xassələrini öyrənmiş və 1962-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Professor A.Baxışov 1962-ci ildə BDU-nun Təcrübi fizika kafedrasına baş müəllim vəzifəsinə seçilmiş və 1965-ci ilə qədər bu kafedrada baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1965-ci ildə Yarımkeçiricilər fizikası kafedrasına keçirilmiş və ömrünün sonuna qədər bu kafedrada dosent və professor vəzifələrində çalışmışdır.
Universitetdə çalışdığı illərdə professor A.Baxışov ümumi fizika kursunun müxtəlif bölmələri, yarımkeçiricilərin optik və fotoelektrik xassələri, dielektrikləri fizikası və başqa ixtisas kursları üzrə mühazirələr oxumuş, Mendeleyev cədvəlinin I, III və VI qrupuna daxil olan elementlər əsasında mürəkkəb yarımkeçiricilərin optik xassələrinin öyrənilməsi sahəsində tədqiqatlar aparmış və 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat almləri doktoru alimlik dərəcəsi, 1986-cı ildə isə professor elmi adı almışdır. Bu illər ərzində o, respublikada və xarici ölkələrdə dərc edilən elmi-periodik jurnallarda 100-dən çox elmi məqalə çap etdirmiş, dəfələrlə beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişdir.
Professor A.Baxışov daima gənclərə qayğı ilə yanaşmış, gənc kadrların hazırlanması sahəsində gərgin əmək sərf etmişdir. Onun rəhbərliyi altında 10 elmlər namizədi hazırlanmış, elmi, pedaqoji və ictimai fəaliyyəti daima diqqət mərkəzində olmuş və dövlət tərəfindən “Əməkdə fərqlənməyə görə” yubiley medalı ilə təltif edilmişdir.
Professor A.Baxışov ömrünün son illərini həmişə ürək ağrıları ilə yaşamışdır. Fizika-riyaziyyat elmləri namizədi dərəcəsinə qədər yüksəlmiş gənc oğlu Natiqi və sevimli həyat yoldaşını itirdikdən sonra doğma vətəni olan Şuşanın erməni işğalçıların tapdağına çevrilməsi onun ürəyinə sağalmaz yaralar vurmuş və 1994-cü ildə o, dünyasını dəyişmişdir.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Arif Baxışovun dünyaya göz açdığı Şuşa şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.