Bakı Mühəndislik Universitetinin (BMU) İnşaat mühəndisliyi kafedrasının baş müəllimi Nikrouz Forouzandeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqədə iştirak edib. Belə ki, onun gənc memar Əbdül Kərimovla birlikdə təqdim etdiyi layihə münsiflər heyətinin qərarına əsasən Ağdam rayonunun Sarıcalı kəndi üzrə 3-cü yerə layiq görülüb.
Müsabiqə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədi ilə təşkil olunub.
Müsabiqə Ağdam rayonunun Sarıcalı kəndini, Füzuli rayonunun Horadiz kəndini, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndini və Xudafərin qəsəbəsini, Kəlbəcər rayonunun Zar kəndini, Laçın rayonunun Şəlvə kəndini əhatə edib. İştirakçılar istəklərinə uyğun ərazinin layihəsini təqdim ediblər. Layihələr yaşayış məntəqələrinin mövcud vəziyyətinin analizi, tarixi kontekstlə əlaqələri, orijinallıq, simvolizm, bütövlük, həmçinin uğurlu və peşəkar bədii-qrafik və memarlıq həlləri, vizual təqdimatlar üzrə qiymətləndirilib.
Qeyd edək ki, müsabiqədə əsasən gənc mütəxəssislər iştirak edib və bir sıra maraqlı layihə həlləri irəli sürülüb. Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.