Azərbaycanın Rus İcması və Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə rus yazıçısı Mixail Şoloxovun anadan olmasının 115 illiyinə həsr olunmuş "XXI əsrdə rus yazıçısının yaradıcılığının aktuallığı" adlı ədəbi gecə keçirilib.
Ədəbi gecədə ali məktəblərin, orta və ümumtəhsil məktəblərinin müəllimləri, Azərbaycanın Rus İcmasının rayon şöbələrinin üzvləri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə rus icmasın sədr müavini, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Timofeyevna Yakunina açıb.
Ədəbi gecədə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin professoru Leyla Gərayzadə "Mixail Şoloxovun həyat və yaradıcılığı" mövzusunda məruzə ilə çıxış edib. L.Gərayzadə görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun Azərbaycan ilə ədəbi əlaqələrindən, əsərlərinin dilimizə tərcümə edilməsi, ölkəmizdə nəşri məsələlərindən söhbət açaraq ədibin yaradıcılığının müxtəlif elmi istiqamətlərdə tədqiqata cəlb etdirilməsinin əhəmiyyətli olduğunu bildirib. Məruzəçi yazıçının həyat və yaradıcılığının əsas mərhələləri, epik əsərlərinin xüsusiyyəti, əsərlərinin yaranma tarixi, ədəbi-bədii yönlərindən də bəhs edib.
Sonda Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Şoloxovun yaradıcılığının çox vacib olduğunu, onun obrazlarının və nəticələrinin yaşadığımız zamanın çətin məqamlarında xüsusi aktuallığını iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, bu il XX əsrin böyük rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun anadan olmasının 115 illiyi qeyd olunur.