Yeni tədris ilinin başlanmasına 10 gündən az vaxt qalıb. Dərslərin ənənəvi, distand və ya hibrid formada keçirilməsi ilə bağlı Təhsil Nazirliyi hələ də ictimaiyyəti məlumatlandırmır. Bu məsələ əhali arasında haqlı narazılıqlara səbəb olur.
Millət vəkili Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, bu məsələdə Təhsil Nazirliyini qınamaq olmaz:
“Ona görə ki, Təhsil Nazirliyi də Operativ Qərargahın informasiyalarına əsaslanaraq qərar qəbul edir. Burda da elədir ki, yoluxma sayı artdıqca məktəblərdə ənənəvi qaydada dərslərin keçirilməsi riskli məsələyə çevrilir. Bu, ümumi durumdan asılı olan məsələdir. Fikrimcə, Təhsil Nazirliyində bununla bağlı bir problem yoxdur. Söhbət konkret şagirddən, müəllimdən, valideyndən gedirsə, Təhsil Nazirliyi onların sağlamlığı ilə bağlı hansısa təminat vermək imkanına malik deyil. Çünki hansısa müəllim xəstələnsə, şagird artıq daşıyıcı olur”.
Deputat qeyd edib ki, bu kimi məsələlərdə Təhsil Nazirliyinin başqa bir məqsədi ola bilməz:
“Düzdür, hər halda dərs ili başlayana qədər ictimaiyyət məlumatlandırılmalıdır. Ola bilsin ki, yoluxma sayında yüngülləşmə olsa, dərslər ənənəvi qaydada davam edə bilər. Mənə elə gəlir ki, sentyabrın 15-nə üç gün qalmış qəti qərarın verilməsi daha doğrudur”.