Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədova “Musiqi və rəssamlıqda satiranın “rəngləri” adlı “Zoom” proqramı ilə onlayn seminar keçirib.
BMA-dan Tehsil.biz-ə bildirilib ki, Könül Əhmədova Azərbaycanda kitab qrafikası sənətinin əsasını qoymuş müasir Azərbaycan satirik qrafikasının və teatr dekorasiyası janrlarının banisi Əzim Əzimzadənin anadan olmasının 140 illik münasibətilə karikatura janrına ekskurs edib. Karikatura janrının tarixi inkişafı yolu haqda, Azərbaycanda XVI-XVII əsrlərdə yaşayıb-yaratmış sənətkarların yaradıcılığında satirik tərzdə yaranmış miniatürlərin həm adlarını, həm də rəsm əsərlərini təqdim edib. Məhz bu miniatürlər sonralar Azərbaycanda karikatura janrının başlanğıcı kimi hesab edilir. Azərbaycanda karikaturanın əsası müstəqil janr kimi formalaşması XX əsrin əvvəllərində “Molla Nəsrəddin” həftəlik satirik-yumaristik jurnalının yaranması ilə qoyulub. Bununla yanaşı, jurnalın yaranması və jurnalda fəaliyyət göstərən ziyalıların adları da məruzəçi tərəfindən qeyd edilib. Xüsusən də, jurnalın rəssamı Ə.Əzimzadə teatr-dekorasiya sənəti sahəsində böyük işlər görüb. O, Ü.Hacıbəyli, Z.Hacıbəyov - “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Aşıq Qərib”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının bədii tərtibatını verib, geyim eskizlərini çəkib. Azərbaycanda “Molla Nəsrəddin” jurnalının sevilməsi başqa bir sıra satirik formada jurnalların yaranmasına səbəb olub. Amma “Molla Nəsrəddin” jurnalı kimi bu jurnalların fəaliyyəti o qədər də uzun çəkməyib.
Məruzəçi karikatura janrının ən yeni tarixinə qədər Azərbaycanda keçirilən karikatura müsabiqələrinin təsvirini təqdim edərək, bu müsabiqələrin yaradıcısı, müsabiqələrdə tədqiqi, təbliği haqda çox ətraflı məlumat verib. Dövrü mətbuatda dərc olunan məqalələrdə müsabiqələr ilə bağlı materiallar da təqdim olunub.
Satiranın birbaşa və ya dolayı yolla özündə ehtiva edən Azərbaycan bəstəkarlarından M.Quliyevin bas və fortepiano üçün “Triptix” əsərindən “Güzgüyə bax” kompozisiyası haqda çox dərin, maraqlı və dolğun məruzə ilə çıxış edib. Onu da qeyd etmək lazımdır ki, əsər Könül Əhmədova tərəfindən M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının arxivindən əldə olunub, laboratoriya əməkdaşlarına ilk dəfə təqdim olunub. Bəstəkarın musiqi dilinin bütün janr, forma, harmoniya xüsusiyyətləri peşəkar musiqişünas tərəfindən yüksək səviyyədə təhlil olunub. Məruzəçi tərəfindən musiqinin Sibelius proqramında yazılıb səsləndirilməsi də çox təqdirəlayiq idi.
Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak ediblər. Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, elmi işçi Fidan Nəsirova öz ürək sözlərini söyləyiblər.