Əgər əvvəl müəllim olmaq üçün 4 illik ali məktəb təhsili kifayət edirdisə, indi bir də müəllimlərin işə qəbulu imtahanında da iştirak edib, uğur qazanmaq şərtdir. MİQ imtahanlarında suallara cavab vermək də yetərli deyil, sonra mütəxəssislər qarşısına çıxıb müsahibə mərhələsindən də uğurla keçmək tələb olunur.
Milli.Az bildirir ki, XəzərXəbər-in qaynar xəttinə yazan gənclərdən biri deyir ki, imtahanda 60 mümkün baldan 59-u toplayıb, sonra da müsahibə mərhələsində bütün suallara sərrast cavab verə bilsə də, ona imtahandan keçməməsi ilə bağlı mesaj gəlib.
Gələcəkdə uşaqlara əldə qələm tutmağı öyrətmək, ibtidai sinif müəlliməsi olmaq üçün aldığı 4 illk təhsildən savayı bir neçə ay da gecə-gündüz kitab-dəftəri əlindən yerə qoymayan Gülzar Baxşəliyeva müəllimlərin işə qəbulu imtahanında gözlədiyi nəticəni əldə edə bilib. 30 bal toplamaq yeni mərhələyə keçməsi üçün yetərli olsa da, o, az qala bütün suallara cavab verərək 59 bal toplayıb. Bu cür yüksək nəticə ilə növbəti - müsahibə mərhələsinə adlayan Gülzar Baxşəliyeva yaşadığı evin yaxınlığındakı məktəbdə bu yeni tədris ilindən müəllimə işləyə biləcəyinin arzusu da ona daha real gəlib.
Artıq apelyasiya şikayəti verdiyini də bildirən müsahibimiz bu mərhələyə baş vurmaq məcburiyyətində niyə qaldığını öyrənmək istəyir. Çünki müsahibə mərhələsindən keçə bilməməyinin səbəbini bilməmək, ona apelyasiya mərhələsində də problem yarada biləcəyini düşünür. Hər halda maksimuma yaxın nəticə göstərmiş bir şəxsin üzləşdiyi problemin nədən qaynaqlandığını öyrənmək üçün TəhsiL nazirliyinin İnsan Resursları Mərkəzinə müraciət etdik. Mərkəzdən bildirildi ki, müsahibələrdə 4024 namizəd iştirak edib və onlardan 3567-si uğur qazanaraq müddətsiz müqavilə ilə işləmək imkanı əldə edib. Gülzar Baxşəliyeva da daxil, apellyasiyaya müraciət etmiş digər şəxslərin də müraciəti qəbul edilib və 8-9 snetyabr tarixlərində onlayn müsahibə təşkil ediləcək. Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.