Logo

ATU-nun professoru ağır əməliyyat həyata keçirib

07.09.2021 11:58 734 baxış
IMG

“Erkən diaqnostika olunmadıqda ölümlə nəticələnə bilən bağırsaq keçməzliyi mexaniki və qeyri-mexaniki olur. İcra edəcəyimiz növbəti cərrahi əməliyyat da çox ciddi və həm də risklidir. Düşünürəm ki, xəstə düşdüyü ağır bəladan bu yolla xilas olacaq”. Bu sözləri növbəti əməliyyat öncəsi Səhiyyə Nazirliyinin baş cərrahı, ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev bizimlə söhbətində dedi.

Professor bildirdi ki, əməliyyat olunacaq xəstə Quba rayonundan təcili qaydada ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib: “Onu ilk öncə rayon xəstəxanasında kompüter tomoqrafiya ediblər və kəskin bağırsaq keçməzliyi  diaqnozu qoyduqdan sonra bizim klinikaya göndəriblər. Biz bir-iki gün ərzində kəskin bağırsaq keçməzliyi əlamətlərini aradan qaldırdıqdan sonra xəstəni əməliyyata götürdük. Qeyd edim ki, xəstənin düz bağırsağına keçən yerdə kəskin irinli iltihabi proses divertukilit və buna bağlı ətraf parakolik nahiyənin absesi ilə əlaqədar kəskin bağırsaq keçməzliyi yaranmışdı. Sol tərəfli emkoliktamiya, yəni nəzər bağırsağın rezeksiyası əmələ gəlib. İndi biz enən çənbər bağırsaqla düz  bağırsağın arasında birincili anastomaz qoyacağıq. Onu da bildirim ki, yoğun bağırsağın sol yarısında kəskin bağırsaq keçməzliyi iltihabı prosesi zamanı şiş fonunda anastomaz qoymaq bir az risklidir. 

Amma biz bu sahədə təcrübəmizə arxayın olaraq və Tədris Cərrahiyyə Klinikasının potensial imkanlarını nəzərə alaraq, burada enən çənbər bağırsaqla düz bağırsağın arasında birincili anastomaz qoymaq fikrindəyik. Düşünürəm ki, anastomaz tutar və xəstə sol tərəfə yoğun bağırsaq çıxarılmasından, yəni talostoma adlı ağır bir bəladan bu yolla xilas olar. Burada məqsəd ondan ibarətdir ki, yoğun bağırsaq stoma şəklində çölə çıxarılmasın, çünki bu, xəstə üçün olduqca çətin bir məsələdir. Çünki xəstənin 2-3 ay müddətində yoğun bağırsağın çölə çıxarılmış hissədən nəcis forması bağlanmalıdır. Ona görə də bu üsul xəstə üçün böyük bir diskomfortdur və biz də təcrübəmizə əsaslanaraq, xəstəyə birincili anastomaz qoymaq qərarındayıq”. 

Əməliyyatın təxminən 3 saat davam edəcəyini söyləyən cərrahın sözlərinə görə, bağırsaq keçməzliyi çox ciddi bir problemdir və ona hər yaşda olan insanlarda rast gəlinir. Əgər bağırsaq keçməzliyi vaxtında və düzgün müalicə olunmazsa, ölümlə nəticələnə bilər.

Xəbər lenti