Sentyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində bu il qəbul olmuş tələbələrlə Tanışlıq Günü keçirilib.
ADNSU rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq onları tələbə adı qazanmaları münasibətilə təbrik edib. UFAZ-da tədrisin çətin və şərəfli olduğunu qeyd edən rektor, Strasburq universiteti ilə birgə ADNSU-nun birgə idarəçiliyini izah edib. UFAZ həm də Strasburq universitetinin tələbə biletlərini əldə edəcək. Bu sənəd onlara onlayn olaraq Strasburq universitetinin kitabxanısndan istifadə etmək və digər üstünlüklər verəcək.
UFAZ-ın İcraçı Direktoru dosent Vazeh Əskərov pandemiya şəraitində tədris qaydaları barədə tələbələri məlumatlandırıb.
UFAZ-ın baş katibi Elizaveta Bydanova isə təhsil ocağının verdiyi dərs və dərsdənkənar fəaliyyətlər barədə ümumi məlumat verib.
Daha sonra UFAZ-ın tədris departamentinin əməkdaşları və daimi əcnəbi müəllimləri tələbələrə UFAZ-dakı tədris prosesi, daxili qaydalar, müəllim heyəti, paraktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə, imtahan və gənclərin asudə vaxtlarının təşkili barədə ətraflı məlumat veriblər.
UFAZ-a 2021-2022-ci tədris ilində 140 nəfər bakalavr pilləsinə qəbul olub. Onlardan 40 nəfər Kompüter elmləri, 40 nəfər Kimya mühəndisliyi, 30 nəfər Neft və qaz mühəndisliyi, 30 nəfər isə Geologiya və Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
UFAZ-da bakalavr pilləsində təhsil 4 ildir. UFAZ məzunları ADNSU və Strasburq universitetinin (Neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 universitetinin) diplomlarını alırlar.