Logo

ADPU-nun 100 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində birgə konfrans keçirlib

08.09.2021 17:55 986 baxış
IMG

Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözüylə açan ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin professor-müəllim və tələbə heyətini Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə təbrik edib, müstəqil Azərbaycanın inkişafı yolunda apardıqları məsuliyyətli işlərdə yeni-yeni nailiyyətlər arzulayıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb, 1972-ci ildə bu filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutuna, 1990-cı ildə ildə isə Naxçıvan Dövlət Universitetinə çevrilib. 

Bununla da Naxçıvan filialı gələcək ali məktəbin təməl daşını qoymaqla muxtar respublikanın ilk ali təhsil ocağı kimi burada yüksəkixtisaslı kadrların yetişdirilməsinə, bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərib. 

Rektor vurğulayıb ki, bu gün universitetin 6 fakültəsində (Pedaqoji, Təbiətşünaslıq və kənd təsərrüfatı, Tarix-filologiya, Fizika-riyaziyyat, Xarici dillər, İncəsənət) bakalavriat səviyyəsində 16 ixtisas üzrə müəllim hazırlığı aparılır.
 
Pedaqoji profilli ixtisaslar üzrə təhsil alanların ümumi  sayı cəmi 1311 nəfərdir.

Bildirilib ki, magistratura səviyyəsində elmi-pedaqoji kadr hazırlığının aparıldığını qeyd etsək onda mövcud 82 ixtisas üzrə hazırlanan 430 nəfəri də söylədiyimiz kateqoriyaya şamil etmək olar. Elbrus İsayev universitetin bakalavriat səviyyəsində 88 ixtisas üzrə hazırlanan kadrların 18.1 %-nin, ümumilikdə isə bütün təhsilalanların  57.6 %-nin  pedaqoji profilli olduğunu diqqətə çəkib.    

Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il aprelin 17-də “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor 1921-ci ildə əsası qoyulan və ölkəmizin təhsil tarixində xüsusi yeri olan zəngin maarifçilik ənənələrinə malik ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və elmi-pedaqoji təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər barədə danışıb. 

Diqqətə çatdırılıb ki, böyük elmi-pedaqoji kollektivə və çoxminli tələbə kontingentinə sahib olan Azərbaycan Dövlət Pedaqoji Universiteti son 100 il ərzində 160 mindən çox yüksək- ixtisaslı müəllim kadrları yetişdirməklə ölkəmizin sosial-mədəni inkişafında mühüm rol oynayıb. Qeyd olunub ki, Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapıb.

Rekor bildirib ki, Pedaqoji Universitet ölkədə pedaqoji və elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini və ixtisasının artırılmasını həyata keçirən pedaqoji təhsil müəssisələrinin böyük əksəriyyətinin yaradılmasında ilkin baza rolunu oynayıb. 

Azərbaycan Təhsil İnstitutu, 30-40-cı illərdə fəaliyyət göstərən ikiillik müəllimlər institutları, indiki Gəncə Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti Pedaqoji İnstitutun ayrı-ayrı fakültələrinin bazasında yaradılıb.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov qeyd edib ki, Azərbaycanda elm və təhsilin inkişafına sanballı töhfələr verən tanınmış alimlər, yüzlərlə görkəmli alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi məhz Pedaqoji Universitetdə təhsil alıb. 

Naxçıvan Dövlət Universiteti “Azərbaycan tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Zəhmət Şahverdiyev 100 illik şərəfli yol keçən universitetin məzunu olduğuna görə fəxr duyduğunu bildirib. 

ADPU-nun Riyazi analiz kafedrasının professoru Məlikməmməd Cəbrayılov, Naxçıvan Dövlət Universiteti “Kimya” kafedrasının dosenti Akif Əliyev universitetlə bağlı öz xatirələrini bölüşüblər. 

Sonda Elbrus İsayev yubileyi qeyd edilən ADPU-nun adına sertifikat və hədiyyə təqdim edib. 

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Xəbər lenti