Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bu il UFAZ-a qəbul olan tələbələrlə görüş keçirilib.
ADNSU-dan bildiriblər ki, görüşdə rektor professor Mustafa Babanlı UFAZ haqqında məlumat verib, bu təhsil müəssisəsi tələbələrinin həm də Strasburq Universitetinin tələbə biletlərini əldə edəcəklərini, bu sənədin onlara həmin universitetin kitabxanasından onlayn istifadə etmək və digər imkanlar yaradacağını deyib.
UFAZ-ın icraçı direktoru dosent Vazeh Əskərov, baş katibi Yelizaveta Bydanova pandemiya şəraitində tədris qaydaları barədə tələbələri məlumatlandırıb, təhsil ocağının verdiyi dərs və dərsdənkənar fəaliyyətlərdən bəhs ediblər.
Sonra UFAZ-ın Tədris departamentinin əməkdaşları və əcnəbi müəllimləri tələbələrə tədris prosesi, daxili qaydalar, praktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, imtahan və s. barədə məlumat veriblər.
Bu il UFAZ-ın bakalavr təhsil pilləsinə 140 nəfər qəbul olub. Universitetdə bakalavr pilləsində təhsil 4 ildir. UFAZ məzunları ADNSU və Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomlarını alırlar.