Logo

“AzTU-Smart” komandası “Metal Cup” beynəlxalq çempionatında

09.09.2021 18:52 418 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) komandası karbon neytrallığına həsr olunan “Metal Cup” Böyük final 2021 beynəlxalq çempionatında təmsil olunub. Universitetdən bildirilib ki, onlayn formatda keçirilən yarışmada Filippin, İndoneziya, Qırğızıstan, Çin, Tacikistan, Azərbaycan, Qvineya, Rusiya, Serbiya və Braziliyanı təmsil edən 11 tələbə komandası layihələrini təqdim edib. 

Çempionatda AzTU-nu metallurgiya və materialşünaslıq fakultəsinin Metallurgiya mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ramil Əzizovun rəhbərliyi ilə 7 nəfərdən ibarət "AzTU - Smart" komandası təmsil edib.   

İştirakçıların təqdimatlarının qiymətləndirilməsində təşkilatçıların müəyyən etdiyi ekspert qrupu ilə yanaşı, hər ölkəni təmsil edən nümayəndə də iştirak edib. 

Layihə təqdimatlarının qiymətləndirilməsində Azərbaycandan AzTU-nun Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının professoru Miryusif Mirbabayev iştirak edib.

Yarışmada iştirakçıların layihələri ekspert qrupunun qiymətləndirməsi əsasında, eləcə də  “Ən yaxşı iqtisadi strategiya”, “Ən yaxşı sosial yönümlü layihə”, “Ən yaxşı layihə təqdimatı”, “Ən yaxşı perspektiv strategiya” və “Ən yaxşı texnoloji strategiya” nominasiyaları üzrə qiymətləndirilib. 

Çempionatın qalibi 194 balla “Rusiya -2” komandası olub. “AzTU-Smart” komandasının təqdim etdiyi layihəyə isə 95 bal verilib.   

Qeyd edək ki, "AzTU - Smart" komandasını çempionata universitetin Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının dosenti Sevil Hüseynova hazırlayıb. 

Xəbər lenti