Logo

Universitetlər tələbələrini yataqxana ilə təmin edəcəkmi? - SORĞU

11.09.2021 15:36 392 baxış
IMG

Azərbaycanda ali təhsil müəssisələrində ənənəvi tədrisin bərpasına sayılı günlər qalır. Artıq bir çox universitetlər yeni təhsil ilinə hazırlığı başa vuraraq, tələbələrin yolunu gözləyir. Ənənəvi təhsilə qayıdış bu il ali məktəbə qəbul olan tələbələrin üzünü güldürsə də, onların kirayə və yataqxana problemləri də diqqətdən yayınmır.

Bölgələrdən təhsil almaq üçün paytaxta üz tutan gənclər əksər hallarda kirayə mənzillərə üstünlük verir, imkansız tələbələr isə yataqxanalarda yerləşməyə məcbur qalırlar.

Bəs, pandemiya dövründə universitetlər tələbələrini yataqxana ilə təmin edəcəkmi? Yataqxanalar hansı qaydalar əsasında istifadə olunacaq?

Modern.az bir neçə universitet arasında bu barədə sorğu keçirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərovun sözlərinə görə, tələbələrin 70 faizi peyvənd vurdurub:

“Yataqxanalar dezinfeksiya olunub, orada dezinfeksiyaedici məhlullar yerləşdirilib. Universitetdə olduğu kimi yataqxanaya da vaksin olunmuş tələbələr yerləşdiriləcək. Tələbələrimizin artıq yetmiş faizi birinci doza vaksin olunub. Yataqxanamız tələbələri qəbul etmək üçün tam hazırdır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov bu təhsil ocağına məxsus yataqxananın iki dəfə dezinfeksiya edildiyini söyləyib:

“Operativ Qərargahın və Təhsil Nazirliyinin verdiyi bütün təlimatlar yerinə yetirilir. Yataqxana artıq iki dəfə dezinfeksiya olunub. Otaqlarda iki nəfər yerləşdiriləcək, bu, həm sosial məsafənin qorunması, həm də karantin qaydalarına əməl olunması üçün vacibdir. Universitetin özünün tibbi klinikası var, tələbələr daimi olaraq testdən keçiriləcək”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli məsul şəxslərin yataqxanada karantin qaydalarının pozulmamasına ciddi nəzarət etdiyi deyib:

“Azərbaycan Dillər Universitetinin hər bir şəraitlə təmin olunmuş yataqxanası 205 nəfərlikdir. Yataqxana hazırda fəaliyyətdədir. Pandemiya ilə bağlı tələbə qəbulu prosesində dəyişiklik nəzərdə tutulmayıb. Detallara varmadan deyə bilərəm ki, tələbələrimiz yataqxanada güzəştli şərtlərlə qalırlar. ADU rəhbərliyi tələbələrin maddi durumunu, mənafeyini əvvəlcədən nəzərə alıb. Yataqxanaya məsul şəxslər karantin qaydalarının pozulmamasına ciddi nəzarət edirlər”.

 

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova pandemiya şəraitini nəzərə alaraq, yataqxanada 975 nəfər tələbə yerləşdiriləcəyini qeyd edib:

“Azərbaycan Tibb Universitetində yataqxana fəaliyyəti tələbə ilə imzalanmış müqaviləyə əsasən hər il iyul ayının 10-dan etibarən dayandırılmalıdır. Lakin pandemiya ilə əlaqədar son iki ildə iyul-avqust aylarında da tələbələrin yataqxanada qalmalarına icazə verilir. Amma yeni yataqxanaya müraciət edən tələbələrə isə sentyabr ayının 8-dən yaşamaq hüquq verən müqavilələr imzalanır. Hal-hazırda dörd yataqxana fəaliyyət göstərir, pandemiya şəraitini nəzərə alaraq 975 nəfər tələbə yerləşdiriləcək. Son bir ildə qaz, işıq və suyun qiymətinin qalxmasına baxmayaraq, pandemiya vəziyyətini nəzərə alaraq yataqxanada qiymətləri universitet əvvəlki qayda saxlamışdır. Tələbələrdən yığılan maddi vəsait yataqxananın kommunal xərclərinə ödənilir”.

 

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər qeyd edib ki, tələbələr əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər:

“Tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək. Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri, asudə vaxt üçün bütün şərait yaradılıb. Otaqlar iki və üç nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər”.

Xəbər lenti