Logo

Şəhid övladlarını birləşdirən Zəfər...

12.09.2021 13:38 125 baxış
IMG

Azərbaycanda hər il yay aylarında orta məktəb şagirdləri və tələbə-gənclər üçün çoxsaylı düşərgələr təşkil edilir. Bu il ənənəyə sadiq olaraq, müxtəlif təhsil təşkilatları, ayrı-ayrı qurumlar gənc nəslin milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyəsi və onların savadlılığının artırılmasına xidmət edən yay düşərgələrini həyata keçirdilər. Lakin əvvəlki illərdən fərqli olaraq, bu il keçirilən düşərgələrin bir özəlliyi də Vətən Müharibəsinə həsr olunması, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət etməsi idi.

Elə bu məqsədlə iyulun 25-dən Təhsil Nazirliyinin təşkilatı dəstəyi, "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə şəhid övladlarını birləşdirən "Zəfər" düşərgəsi quruldu. 74 şəhid övladını əhatə edən "Zəfər" düşərgəsində Vətən Müharibəsində qazanılan qələbədə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng, əyləncəli yay tətili təşkil olundu.

“İşimizi sorğu əsasında qurduq”

Uşaqların düşərgədəki hər günü xüsusi təhlilə əsaslanaraq planlaşdırılıb. Düşərgə rəhbəri Hüseyn Hüseynovun sözlərinə görə, fəaliyyətə başlamadan öncə sorğu keçiriblər və nəticədə düşərgə təşkilatçıları işini həmin sorğu əsasında qurub.

Hüseyn Hüseynov düşərgədə fəaliyyət göstərən hər əməkdaşın xüsusi seçildiyini, proqramların təhlil və araşdırmalara əsaslanaraq hazırlandığını vurğulayıb:

“Düşərgənin fəaliyyətini planlaşdırmaq üçün ikigünlük hazırlıq görüşü keçirdik. Görüşün nəticəsindən asılı olaraq, uşaqların vaxtının səmərəli təşkil edilməsi, düşərgənin düzgün idarə olunmasını təmin etmək məqsədi ilə simulyativ seminar keçirildi. 7 gün ərzində uşaqlarla işləyəcək 32 nəfərdən ibarət təlimçi heyət yaradıldı. Təlimçilər bir ay əvvəldən müəyyən edilib, onların proqram və metodları razılaşdırılmışdı”

49 nəfər işçi heyət - düşərgə rəhbəri, alt-düşərgə rəhbərləri, qrup rəhbərləri, proqram rəhbəri, könüllülər, psixoloqlar, çəkiliş qrupu, polis, həkim və əlavə olaraq 31 nəfər təlimçi uşaqların günlərinin maraqlı keçməsi üçün əlindən gələni edib:

“Təyin edilən hər proqramda intellektual, psixoloji, fiziki, emosional məqamlar nəzərə alınıb, maraqlı əyləncəli öyrədici proqram hazırlanmasınaçalışılıb”.

Hüseyn Hüseynov onu da deyib ki, şəhid övladları çox həssas qrup olduğundan onlarla işə xüsusi önəm verirlər:

“Onların dəstəyə ehtiyacı yaranırdı. Düşərgədə dincələn 71 uşaqla 2 psixoloq qrupu işləyib. Psixoloqlar həm fərdi söhbətlər aparıb, həm də qrup görüşləri keçiriblər”.

“Ən zövq aldığım kanatla hündürlükdən eniş təlimləri oldu”

“Zəfər” düşərgəsində “Hadrut fatehi”, XTQ-nin şəhid baş giziri Camal İsmayılovun qızı Əsmət İsmayılzadə də iştirak edirdi. Əsmət Modern.az-ın əməkdaşı ilə söhbətində düşərgədə keçirdikləri səmərəli vaxt, burada öyrəndikləri haqqında danışıb:

“İyul ayının 25-dən düşərgəyə qatılmışıq. Təlimlərimiz Quba şəhərində başladı. Gələndə ilk olaraq, bizə dağçılıq təlimləri keçdilər, çadır qurulması, çətin vəziyyətlərdə davranış qaydaları, insan və partlayıcı maddələr axtaran təlim itlərini gördük, onlarla təlimlərimiz oldu. Ən zövq aldığım isə kanatla hündürlükdən eniş təlimləri idi. İp nə qədər möhkəm olsa da, adam ilk dəfə kanatdan asılanda qorxur. Amma hündürlükdən aşağı düşmək əyləncəli idi.

Daha sonra elektronika ilə, kompüterlə maraqlı əməliyyatların aparılmasını öyrəndik. Məsələn, mən mikrobitin nə olduğunu bilmirdim, “Zəfər” düşərgəsində öyrəndim. Mikrobitdən aparatlar düzəldirdik, cürbəcür, maraqlı, əyləncəli işıqlar yandırdıq. İlk dəfə bu düşərgədə “3D dizayn” öyrənmişik. Kompüterdə maraqlı şəkillər çəkdik, onu printerlə çap etdik. “Zəfər” düşərgəsində öyrəndiyim bilik və bacarıqlardan çox razı qaldım”.

“Gələcəkdə ixtisas seçimində kompüter elmlərini öndə tutacağam”

“Zəfər” düşərgəsinin iştirakçısı, şəhid mayor İlkin Əhədzadənin qızı Fidan Əhədzadə isə düşərgədə çoxlu biliklər qazandığını və yeni dostlar tanıdığını söyləyib:

“Bir həftəlik təlimlərdə bir çox sahələr üzrə bizə təlimlər keçdilər, özünümüdafiəni, qorxmazlığı, bilik və bacarıqları təlqin etdilər. Təlimin sonuncu günündə isə “3D dizayn” dərsləri keçirildi. Düşərgəmiz çox maraqlı keçdi. Yeni biliklərə və dostlara sahib olduq. Bundan sonra öyrəndiklərimi tətbiq etmək üçün çalışacağam. Mən kompüterdə öyrəndiyimiz çox şeyləri əvvəl bilmirdim. Burada gəldim, öyrəndim və tətbiq etdim. Steam mərkəzində izlədiyimiz kompüterlə professional bacarıqlar mənim kompüter elmlərinə marağımı artırdı. Yəqin ki, gələcəkdə ixtisas seçimində kompüter elmlərini öndə tutacağam”.

“Düşərgədə çoxlu dostlar qazandım”

“Zəfər” düşərgəsində Vətən Müharibəsinin qəhrəmanlarından biri – mayor Sənan Zamanovun iki övladı iştirak edirdi. Şəhidimizin qızları – Fidan və Ləman Zamanovalar düşərgədə fövqəladə hallarda davranış bacarıqlarını, özünümüdafiə metodlarını, texnoloji bilikləri, steam bacarıqlarını öyrənib, əyləncəli oyunlar oynadıqlarını qeyd ediblər.

Fidan Zamanova kompüter bilikləri ilə bağlı təlimlərin faydalı olduğunu, bir çox maraqlı məqamlarla rastlaşdığını bildirib. O, öz növbəsində bir həftəlik yay düşərgəsinin təşkilatçılarına təşəkkür etməyi də unutmayıb:

““Zəfər” düşərgəsi şəhid övladlarını bir araya gətirən maraqlı layihə oldu. Mən burada çoxlu dostlar qazandım, maraqlı və vacib biliklər öyrəndim. Düşərgədə ilk dəfə mikrobitlə işləməyi öyrəndim. Bu mənim üçün çox maraqlı oldu. Mənim gələcək məqsədim hüquqşünas olmaqdır. Əvvəllər kompüter sahəsinə heç marağım yox idi, bu sahənin çətin olduğunu düşünürdüm. Amma “Zəfər” düşərgəsindən sonra kompüter elmlərinə marağım artdı və mən artıq hesab edirəm ki, hər bir hüquqşünas belə texnoloji biliklərə yiyələnməlidir”.

Aysel Aslan (Modern.az)

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dərc olunub.

Xəbər lenti