Logo

BDU-da Qarabağ ruhu

13.11.2020 11:08 535 baxış
IMG

Fəxrlərimizin ruhu şad olur

16-cı yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

 

On altıncı yazımız 1989-1998-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı olmuş Məmmədxan Bayraməli oğlu Rəsulovla bağlıdır.

 

Məmmədxan Rəsulov 1933-cü ildə Zəngilan rayonununda anadan olmuşdur. 1947-1950-ci illərdə Bakı Kənd Təsərrüfatı Texnikumunda oxumuş, sonra BakıDövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.

 

1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1955-1956-cı illərdə universitet komsomol komitəsinin birinci katibi işləmişdir. 1957-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinə xidmətə qəbul edilmişdir.

 

O, 1961-ci ildən BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasında baş müəllim kimi fəaliyyət göstərmiş, sonra isə Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, professoru, 1976-1978-ci illərdə xarici tələbələrin təhsili üzrə dekan müavini, 1978-1989-cu illərdə Hüquq fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. 1989-1998-ci illərdə Hüquq fakültəsinin dekanı olmuşdur.

 

1975-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. BDU-nun Elmi Şurasının qərarı ilə ona uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq professor elmi adı verilmişdir. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100-dən çox elmi əsərin müəllifi olmuşdur. Elmi rəhbərliyi altında 3 elmlər namizədi hazırlanmışdır.

 

Alimin rəhbərliyi ilə Azərbaycan hüquqşünaslığında ilk dəfə olaraq ana dilimizdə "Əmək hüququ" dərsliyi çapdan çıxmışdır. Ölümündən sonra 1999-cu ildə isə onun Moskvanın "Yuridiçeskie vesti" nəşriyyatında çapdan çıxmış "Trudovoy doqovor: balans sil i balans interesov" kitabı dəyərli elmi monoqrafiya kimi bir çox ölkə hüquqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz onun rəhbərliyi ilə respublikada əmək hüququ elmi məktəbi yaradılmışdır.

 

M.Rəsulov tələbələrin yaddaşında qayğıkeş, həssas və sadə bir insan, gözəl pedaqoq kimi qalmışdır. O, bütün tələbələrə, xüsusilə, rayondan gəlmiş tələbələrə xüsusi qayğı göstərmişdir. Onların məişət problemlərindən tutmuş, təqaüd alıb-almamaları, yataqxanada yerlə təmin olunub-olunmamaları ilə maraqlanmış, bu sahədə özündən asılı olan bütün köməkliyi etmişdir.

 

Professor BDU-nun Elmi Şurasının, Baş Prokurorluğun, Ali Məhkəmənin Elmi Məsləhət Şurasının fəal üzvlərindən olmuşdur. Torpaqlarımızın erməni təcavüzünə məruz qalması alimin qəlbində nisgilə çevrilmişdir. Doğma yurdun düşmən tapdağı altına düşməsi onu daxilən çox incitmişdir. Professor Məmmədxan Rəsulov 1998-ci ildə dünyasını dəyişmişdir.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Məmmədxan Rəsulovun dünyaya göz açdığı Zəngilan şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbər lenti