Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qarabağ iqtisadiyyatı ilə bağlı müzakirələr təşkil olunacaq.
Bu barədə UNEC-dən məlumat verib. UNEC-in tədqiqat mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək 3 günlük tədbirlərdə Ermənistan işğalının Azərbaycana vurduğu zərər, onun metodologiyası və ilkin qiymətləndirməsi araşdırılacaq, Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsirləri təhlil ediləcək, eləcə də müharibədən sonrakı dövrdə Qarabağın iqtisadiyyatı, onun Regional İnnovasiya-Texnoloji Mərkəzinin və dəyər zəncirinin mühüm həlqəsi kimi rolu ilə bağlı müzakirələr aparılacaq.
Müzakirələr UNEC-in tədqiqat mərkəzlərinin rəhbərləri ilə yanaşı, Milli Məclisin deputatları, İqtisadiyyat Nazirliyinin rəsmiləri, ölkənin aparıcı iqtisadçıları, eləcə də Qarabağ iqtisadiyyatını araşdıran türkiyəli alimlər tərəfindən aparılacaq.
Tədbirlər noyabrın 16, 18 və 20-də UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Müzakirələrin sonunda mövzu ilə bağlı izləyicilərin sualları cavablandırılacaq.