Logo

"45 dəqiqə ərzində müəllimin sinifdə bütün uşaqlara vaxt ayırması mümkün deyil" - Ekspert

14.09.2021 14:01 2528 baxış
IMG

Bakı məktəblərinin ciddi problemlərindən biri də siniflərdə şagird sıxlığıdır. Bu durum xüsüsilə şəhərin mərkəzində yerləşən məktəblər üçün xarakterikdir.

Paytaxtdakı bəzi məktəblərdə siniflərdə 40 nəfərdən artıq şagird təhsil alır. Bir nəfər təhsil işçisinin 45 nəfərə dərs keçməsinin keyfiyyətə təsir etməsi isə şübhə doğurmur. 45 dəqiqə ərzində müəllimin sinifdə bütün uşaqlara vaxt ayırması sadəcə mümkün deyil.

Qeyd edək ki, pandemiya şəraitində bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı Bizim.Media-nın sualı Təhsil Nazirliyi tərəfindən cavablandırılıb. Bildirilib ki, ümumilikdə dərslərin pandemiya qaydalarına uyğunlaşdırılması üçün qaydalar hazırlanır və dərslər başlanmazdan əvvəl məktəblərə veriləcək.

Lakin məlumdur ki, problem yalnız pandemiya dövrü üçün aktual deyil.

Tehsil.biz xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında bildirib ki, sıxlıq məsələsi ümumilikdə Azərbaycan məktəbləri üçün deyil, Bakının mərkəzində fəaliyyət göstərən məktəblər üçün xarakterikdir:

“Bu problem əsasən məskunlaşma ilə bağlı yaranır. Məktəbə qəbul qaydalarında ərazi amili önə çəkilir. Ona görə də əhalinin sıx yaşadığı yerlərdə yerləşən məktəblərdə sıxlıq yaranır. Ümumilikdə Azərbaycan məktəblərində 85 mindən çox sinif var, onun təqribən 300-də 40-dan yuxarı şagird var. Bu isə 0,4 faiz edir”.

Ekspert bildirir ki, Təhsil Qanuna görə, siniflər 20 şagirddən kompilektləşdirilməlidir:

“Təbii ki, sinifdə çox uşağın olması keyfiyyətə təsir edir. Litseylərdə siniflər 12-15 nəfərdən formalaşdığına görə, onların göstəriciləri yüksək olur”.


İctimai Şura təmsilçisi məktəblərdə şagird sıxlığının qarşısının alınmasını maarifləndrimə yolu ilə valideynlərin başqa məktəblərə yönəldilməsində görür:

“Başqa formada bunu etmək vətəndaşların hüquqlarını pozmaq olardı. Məktəbyanı ərazilərin imkan verdiyi yerlərdə əlavə korpuslar tikilir. Amma elə məktəblər var ki, əlavə binaların tikilməsi üçün yer də yoxdur”.

Nadir İsrafilov rus bölmələrində şagird sıxlığı məsələsinə də toxunub:

“İndi bir çoxları rus bölməsində oxumağa “prestij” kimi baxır. Digər tərəfdən isə rus bölmələrində şagird sıxlığı müəllim çatışmazlığına görə yaranır. Son iki ildə bu axının qarşısının alınması üçün Təhsil Nazirliyi müsahibə yolu ilə qəbulla bağlı qərar qəbul edib. Burada uşaqların rus dilində danışa bilməsi əsas götürülür. Bu qərar axının qarşını müəyyən qədər almaqla yanaşı həm də doğru qərardır”.

Xəbər lenti