Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Bank Respublika”nın İnsan resursları departamentinin rəhbəri Ayan Buniyatzadə və Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova ilə görüş keçirilib.
Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşdə ali təhsil müəssisəsi olaraq ATMU-da beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbə kontingentində öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu vurğulanıb.
Ayan Buniyatzadə “Bank Respublika”nın fəaliyyəti, layihələri və göstərdiyi xidmətlər haqqında məlumat verib. Həmçinin ATMU və “Bank Respublika” arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və digər istiqamətlər üzrə razılıq əldə olunub.
Görüşdə universitetin Menecment kafedrasının müdiri Arzu Hüseyn, İqtisadiyyat kafedrasının müdiri Vüqar Nəzərov, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Fərid Cabbarlı, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova iştirak ediblər.