Sentyabrın 10-da Bakı Dövlət Universitetinin (BDU) Hidrometeorologiya kafedrasının “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda (“Sukanal” ETLİ) fəaliyyət göstərən filialında 2021-2022-ci tədris ilində tədrisin təşkilinə həsr olunmuş görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tədrisin təşkili şöbəsinin müdiri Adil Xasayev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev, direktor müavinləri Rəşail İsmayılov, Elnur Nəsirov və institutun əməkdaşları iştirak edib.
Görüşdə yeni tədris ilində filialın fəaliyyəti, filialda tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata kerilən islahatlar, tədris prosesində tətbiq edilən yeni interaktiv təlim texnologiyaları haqqında məlumat vermişdir.
Vüqar Mirzəyev “Sukanal” ETLİ-də BDU-nun Hidrometeorologiya kafedrasının filialında su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün yaradılmış şərait haqqında danışmış, filialda tədris olunacaq fənlərin siyahısı və dərs cədvəlinin artıq razılaşdırıldığını qeyd etmişdir.
Görüşdə BDU və “Sukanal” ETLİ arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə elmi araşdırmaların yerinə yetirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır.