Logo

ADU-nun rektoru Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

14.09.2021 15:51 459 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavla görüşüb. Səfiri rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor, iki ölkə arasında təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inandığını diqqətə çatdırıb. Kamal Abdulla əlavə edib ki, ADU-da müasir dillərin öyrənilməsi ilə yanaşı qədim dillərin öyrənilməsinə də böyük əhəmiyyət verilir: “Klassik dillər deyəndə ilk növbədə latın və sanskrit dilləri yada düşür. Sanskrit dili bir filoloqun yetişməsi üçün son dərəcə vacib şərtdir. İnanıram ki, sanskritin öyrədilməsi müasir hind dilinin öyrənilməsinə də kömək edəcək”.

ADU-nun rektoru əlavə edib ki, universitetdəki Hindistan mərkəzi öz işini yenidən təşkil edəcək: “Bu mərkəz hind mədəniyyətini və elmini təbliğ etməkdə yenə böyük işlər görəcək”.

Səfir Bavitlunq Vanlalvav təhsil və mədəniyyət istiqamətindəki dəstəyinə görə rektora təşəkkürünü bildirib. O, qeyd edib ki, sanskrit dilinin tədrisi ilə bağlı səfirlik üzərinə düşən məsələlərdə bütün mümkün dəstəyi verməyə hazırdır:

“İnanıram ki, Azərbaycan Dillər Universiteti və Hindistanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə müsbət nəticə əldə edəcəyik. Hindistan mərkəzinin fəaliyyətinə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm”. 

Xəbər lenti