Logo

Azərbaycan Tibb Universiteti ilə Polşanın tibb universitetləri arasında əlaqələr qurulacaq

14.09.2021 19:15 525 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Universitetin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı G.Gəraybəyli ATU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, hazırda dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə bağlanmış müqavilələr əsasında əməkdaşlıq həyata keçirilir. Polşa Respublikasının ali təhsil ocaqları, elmi qurumları ilə əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edən rektor müxtəlif istiqamətlər üzrə əlaqələrin qurulması üçün hər bir imkan olduğunu diqqətə çatdırıb. Rektor bu əlaqələrin yaxın zamanlarda qurulmasında Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyinin vacib olduğunu qeyd edib. O, qarşılıqlı əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atıla biləcəyini vurğulayıb.

ATU-nun 90 illik tarixi haqqında səfirə məlumat verən professor görüş zamanı, həmçinin universitetin müasir dövrdəki fəaliyyətinə də nəzər salıb. Qeyd olunub ki, hazırda ATU-nun 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və “Təbib” nəşriyyatı yerləşir. Görüş zamanı ATU-da 39 ölkədən 2000-dən çox əcnəbi tələbənin təhsil aldığı da diqqətə çatdırılıb.

Bununla yanaşı, pandemiya ilə əlaqədar yaranan gərgin vəziyyətə baxmayaraq, tədris sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün universitet daxilində görülən işlərdən bəhs olunub. Bildirilib ki, ATU beynəlxalq akkreditasiya üçün müraciət edib və yaxın zamanlarda bu istiqamətdə də müsbət nəticə əldə ediləcəyi gözlənilir.

Rafal Poborski ölkəsinin Azərbaycanla münasibətlərindən, tibb sahəsindəki əlaqələrdən geniş bəhs edib. Səfir iki ölkə arasındakı əlaqələrin əks olunduğu kitabı ATU-nə hədiyyə edib. Polşada 11 universitetin tibb profilli olduğunu vurğulayan R.Poborski həmin ali məktəblərlə Tibb Universiteti arasında münasibətlərin yaradılmasının vacibliyindən danışaraq, bu istiqamətdə işlərin aparılmasına dəstəyini ifadə edib.

Görüşdə ATU və Polşa alimlərinin birgə tibb təhsili üzrə dərsliklər hazırlaması məsələsi də müzakirə olunub. Qonaqlar ATU-nun kitabxanasına polşalı alimlərin müəllifi olduğu müxtəlif dərslikləri hədiyyə ediblər.

Xəbər lenti